Əslində, Xankəndidəki universitetdə mədəni həyatın bu qədər tez qaynayacağı gözlənilən idi. Mədəni mühitdə öz layihə və konsepsiyaları ilə tanınan bəstəkar Türkər Qasımzadənin Qarabağ Universitetində İncəsənət fakültəsinin dekanı, novator tarzən Arslan Növrəslinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri təyin edilməsi bundan xəbər verirdi.
Budur, noyabrın 22-də Qarabağ Universitetində maraqlı konsert proqramı baş tutacaq. İncəsənət fakültəsinin zalında “Arslan Növrəsli kvarteti”nin konserti olacaq. Arslan müəllim Bakıdan təşrif buyuracaq musiqiçi dostları – Əməkdar artist Ruslan Hüseynov, Nicat Aslanov və Elvin Bəşirov, həmçinin Qarabağ universitetində çalışan Əməkdar artist Kamran Kərimov ilə birlikdə çıxış edəcək.
Tar ifaçılığında ilk dəfə harmonik caz melodiyaları ilə çıxış edən məşhur musiqiçinin təşkil etdiyi konsertdə onun universitetdəki ilk tələbələri də səhnədə olacaqlar.
Konsert barədə xəbəri media hesabında paylaşan Arslan Növrəsli fikrini belə ifadə edib: “İlk dəfə Xankəndini caz havasına qərq edəcəyik. Doğma, müqəddəs torpaqlarda çıxış etmək dünyanın heç bir konsert salonu ilə müqayisə oluna bilməz. Bir sıra maraqlı nömrələrlə sizi təəccübləndirəcəyimizdən əminəm”.
Gülcahan