və ya Ankaraya bir də gedərəmsə...

 

Qarabağ savaşımızı, şanlı Zəfərimizi ehtiva edən “Köhnə çamadanlar” filminin Ankara premyerası haqqında (qəzetimizin 15 noyabr sayı) məlumat vermişdim. Qardaş ölkənin paytaxtı ilə bağlı təəssüratım o qədər zəngin və unudulmazdır ki, onları oxucularımızla daha ətraflı şəkildə bölüşmək istəyirəm.

Ankarada olarkən vaxtın azlığından şəhərdəki aparıcı muzeyləri tələm-tələsik gəzdim. Amma elə oradaca özümə söz verdim ki, qismət olsa, növbəti gəlişimdə bu qovhaqovun əvəzini çıxacağam...

Adamın bələdçisi, yol yoldaşı bilgili, işinin ustası olanda hər şey yağ kimi gedir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkanın bələdçiliyi və məsləhəti ilə ziyarətə Anadolu Mədəniyyətləri Muzeyi ilə başladım. Tikili ilk andan məni heyran elədi. Sözsüz ki, zəngin ekspozisiyası bu təəssüratı daha da möhkəmləndirdi. Paytaxtın ən yüksək bölgəsində – qədim Ankara qalasının ətəyində yerləşən muzey iki tarixi tikilidən – Mahmud paşa Bedesteni və Kurşunlu Handan ibarətdir.

Belə güman olunur ki, binalardan birini Osmanlı dönəmində baş vəzir olmuş Mahmud paşa Bedesteni 1464–1467-ci illərdə, digərini isə yenə həmin dövrün baş vəzirlərindən Məhmət paşa tikdirib. 1881-ci ildə baş verən güclü yanğından sonra tərk edilmiş hər iki bina illər sonra Anadolu ərazilərində tapılan tarixi eksponatları sərgiləmək üçün mülkiyyət sahibindən satın alınır. Uzun illər təmir-bərpa işləri gedən bina yalnız 1940-cı ildə istifadəyə yararlı vəziyyətə gətirilir. 1943-cü ildə isə bina muzey kimi qapılarını ziyarətçilərin üzünə açır.

Muzeydə Paleolit dövründən tutmuş günümüzədək insan əməyinin bəhrəsi olan tarixi əsərlər və digər maddi mədəniyyət nümunələri sərgilənir. Onu deyim ki, zəngin kolleksiyaları ilə dünyanın sayılıb-seçilən muzeyləri arasında yer alan Anadolu Mədəniyyətləri Muzeyində Anadolu arxeologiyası, Paleolit dövründən başlayaraq Osmanlı dövrünün tarixi məkanlarına qədər xronoloji ardıcıllıq var.

Sanem xanım deyir ki, muzeydə təqdim olunan kolleksiyalar Paleolit, Neolit və Tunc, qədim hit, Friq, Urartu krallığı, Lidiya dövrü və Miladdan öncə 1200-cü illərdən bu günümüzə qədər gəlib çatan tarixi məqamları əks etdirir. Ayrı-ayrı bölmələrdə Paleolit, Neolit, Çalolit, Köhnə Tunc, Assuriya Ticarət Koloniyaları, Köhnə Het, Het imperiyası, Frigiya, Urartu, Anadolu arxeologiyasının Lidiya dövrləri xronoloji ardıcıllıqla sərgilənir. Mərkəzində böyük hovuzu olan tikilinin bağçalı həyətində Anadolunun qədim mədəniyyətinə aid arxeoloji tapıntılar, daş heykəllər, küplər və digər nümunələr yer alıb.

***

Türkiyənin ilk dövlət muzeyi hesab olunan Ankara Tarix və Etnoqrafiya Muzeyi də şəhərin, ümumən ölkənin ən zəngin muzeylərindəndir.

Şəhərin hündür yerində “Namazgah” adlanan ərazidə Qurtuluş savaşı zamanı şiddətli döyüşlər gedib. Məlumata əsasən, döyüşdə şəhid olanların nəşi təpənin alt yamacındakı məzarlıqda dəfn olunub, təpənin üstündəki meydançada isə insanlar namaz qılarmış. Bu səbəbdən də təpə “Namazgah” adlanır. Yerli sakinlərin müqəddəsləşdirdiyi, haqqında müxtəlif rəvayətlər danışdığı ərazi müharibə başa çatandan sonra daha çox ziyarət olunmağa başlayıb. Elə bu səbəbdən muzey binasının burada tikintisinə qərar verilib.

Bir müddət sonra tikilən və ekspozisiyası qurulan binanı 1928-ci il aprel ayının 15-də ziyarət edən Mustafa Kamal Atatürk tikilini muzey elan edir. Muzeydə Anadolunun tarixini əks etdirən əsərlər, əl sənətləri, geyim və xalılar və s. əl işləri nümayiş olunur. Osmanlı dövründə məşhur olan xəttatlıq və əl işləri sənəti ilə bağlı nümunələr də muzeydə yer alır.

Bu binanın mənəvi əhəmiyyəti isə, sözsüz ki, Mustafa Kamal Atatürkün nəşinin uzun müddət burada qalması ilə bağlıdır. Məlum olduğu kimi, Atatürk vəfat edən vaxt indiki Anıtqəbir yox idi və onun nəşi düz 15 il (1938-1953) məhz bu muzeyin binasında mühafizə edilib. Muzeyin giriş hissəsinin foyesi Atatürkə hörmət əlaməti olaraq simvolik qəbir şəklindədir.

Muzeyin birinci mərtəbəsində qiymətli sənət əsərlərinin sərgiləndiyi salonlar, ikinci mərtəbədə isə əsasən inzibati otaqlar yerləşir.

Muzeyin diqqətçəkən eksponatları arasında XV əsrdən qalma Məmlük qazanları, Osmanlı şərbət qazanları, ləyən, sini, qəhvə qabları, qayçılar və s. məişət əşyaları da var.

Girişin sol tərəfindəki salonlarda əsasən çini və şüşə qablar, Osmanlı dövrü xəttatlıq nümunələri, Səlcuqlular və Bəyliklər dönəminə aid taxta üzərində oyma işləri sərgilənir. Sonuncu ekspozisiya zalında isə üstü oyma naxış və ərəb əlifbasında yazılarla bəzədilmiş məzarüstü, eləcə də məscid minbərləri qorunur. Osmanlı zamanına aid yay və oxlar, çaxmaqlı tapançalar, tüfənglər, qılınc və digər silah çeşidləri, üzərinə Sultan II Mahmudun gerbi işlənmiş atlas parçalar xüsusi maraq doğurur. Səlcuqlu sultanı III Keyxosrovun taxtı (XIII əsr), Taşhur paşa məscidinin mehrabı (XII əsr), Çələbi Sultan mədrəsəsinin qapısı (XV əsr) muzeyin dəyərli eksponatlarındandır.

Bələdçidən muzeydə sərgilənən ən qədim eksponatı xəbər alıram. O, üzərində kiçik nar fiquru təsvir olunmuş gülab qabını göstərir və əşyanın X əsrə aid olduğunu deyir.

Ümumiyyətlə, bu muzeydə sərgilənən nümunələr arasında oyma və xəttatlıq nümunələri daha çox gözə dəyir.

***

Ankara Tarix və Etnoqrafiya Muzeyinin binası ilə yan-yana Namazgah təpəsində yerləşən daha bir muzeyə baş çəkirik. Dövlət Rəsm və Heykəl Muzeyi də turistlərin maraq göstərdiyi məkanlardandır.

1927–1930-cu illər arasında memar Arif Hikmət Koyunoğlunun layihəsi əsasında Türk Ocaqlarının Baş Qərargahı üçün tikilmiş bina 1932-ci ildə Ankara Xalq Evi olaraq xidmətə başlayır.

Türk motivləri ilə bəzədilmiş 500 nəfərlik salonda zamanında opera tamaşaları oynanılıb. 1980-ci ildən muzey kimi fəaliyyət göstərən bina bir neçə il öncə əsaslı təmir-bərpa edilib.

Muzeyin salonlarındakı ekspozisiya sıralaması da maralıdır. Məsələn, burada həm rəqəmsal, həm də fotoları çəkilərək arxivləşdirilən, hazırda nümayişə çıxarılmış mövcud rəsm əsərləri əsasən tarixiliyinə, xarakter xüsusiyyətlərinə görə yerləşdirilib. Bu mənada, klassik rəsmlər giriş, postmodern rəsmlər isə sonuncu salondadır. Başqa bir məqam ekspozisiya zallarının hər birinin ayrı-ayrı məşhur türk fırça ustalarının şərəfinə adlandırılmasıdır.

Məlumat üçün əlavə edim ki, muzeyin hazırda ziyarətçilərin üzünə açıq olan 6 salonunda 750 əsər nümayiş etdirilir. Ümumilikdə isə muzeydə 3629 fərqli əsər qorunur.

Binanın ikinci mərtəbəsinə qalxırıq. Dövrün ovqatını saxlayan, görüş və toplantıların keçirildiyi otaqlar, eləcə də 500 nəfərlik tamaşaçı zalı, iri, dərin səhnəsi, lojası olan, teatr binası assosiasiyası yaradan bu mərtəbə turistlərin marağını daha çox cəlb edir. Salonun qırmızı xalılar sərilmiş döşəməsi, tünd-şabalıd rəngdə oturacaqları, oyma naxışlı, qızılı tağlarla əhatələnmiş divarları, lojaları, tavanı, səhnənin solunda qoyulmuş fortepiano klassik teatr ovqatı yaradır. İnsan özünü ötən əsrin əvvəllərində hiss edir.

Bələdçi deyir ki, məkanın üslubu və əşyalar ilk vaxtdakı kimi qorunub saxlanılıb. Buradakı lojalardan biri isə sakral hesab olunur. Dəyirmi masa və ətrafına qoyulmuş bir neçə stul qiymətli tarix yadigarıdır. Çünki vaxtilə Atatürk burada əyləşib opera tamaşalarını izləyərmiş. O vaxtdan da onun xatirəsinə ehtiram olaraq həmin stullarda heç kim oturmayıb...

Sonda onu da deyim ki, Ankarada ayrı-ayrı qurumlara tabe ümumilikdə 16 muzey var. Bunların sırasında mənzil-muzey və universitet muzeyləri də yer alır.

Həmidə Nizamiqızı