Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtın bir sıra teatr-konsert müəssisələri 11–22 noyabr tarixlərində ölkəmizdə keçirilən COP29-la bağlı maraqlı mədəni proqram təqdim edirlər.
Noyabrın 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Estrada-simfonik orkestrinin konserti keçirildi.
Teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımova ifaları ilə tamaşaçıları unudulmaz emosiyalara qərq etdi.
Konsert proqramını yerli tamaşaçılarla yanaşı, COP29-la əlaqədar ölkəmizə gəlmiş qonaqlar və turistlər də izlədilər. İfa olunan musiqi nömrələri alqışlarla qarşılandı.
Estrada-simfonik orkestrinin bədii rəhbəri Xalq artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.