Azərbaycanın Zəfərinə həsr olunan konsert
Azərbaycanın Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbuldakı Süreyya Opera Teatrında (Kadıköy bələdiyyəsi) “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib.
Konsertdə orkestri tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor Yalçın Adıgözəlov idarə edib. Solist dünyaşöhrətli fleyta ifaçısı, Türkiyə Prezidenti Administrasiyasının ilk mədəniyyət və sənət mükafatçısı, UNICEF tərəfindən “Türkiyə – xoş niyyət elçisi” elan edilən Şəfiqə Kutluer olub.
Qeyd edək ki, Şəfiqə Kutluerin təşəbbüsü ilə bu il 15-cisi keçirilən “Şərq Qərblə görüşür” festivalı Azərbaycanın Zəfərinə həsr olunan musiqi axşamı ilə açılıb.
Mədəniyyətlərarası Əlaqə Dərnəyinin (rəhbəri azərbaycanlı vəkil Nərgiz Attar) himayəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin dəstəyi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri yer alıb.
Qeyd edək ki, Yalçın Adıgözəlov və Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik orkestr salonunda keçiriləcək.