Sözləşməni pozan obyekt sahibi müştəriyə kompensasiya ödəməlidir

Azərbaycanda yay turizm mövsümünün qaynar vaxtıdır. İl boyu gərgin işdən sonra insanlar istirahət etmək üçün müxtəlif məkanlara, o cümlədən ölkə daxilində imkanına uyğun turizm mərkəzlərinə üz tuturlar. Amma vətəndaşlarımız bir çox hallarda seçim etdikləri istirahət mərkəzləri ilə bağlı xəyal qırıqlığı yaşamalı olurlar. Məsələn, bir müddət öncədən yer sifariş verdiyi istirahət mərkəzinə gələn şəxs ona vəd edilən otaqda başqasının yerləşdiyini görür. Belə hallarda nə etməli?
Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikrini öyrəndik.


Sifariş birtərəfli qaydada pozula bilməz

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağəkərimov bildirdi ki, «Beynəlxalq mehmanxana qaydaları» və «Beynəlxalq hotellər və turizm şirkətləri ilə müqavilə qaydaları»ına görə, müştərinin hoteldə və istirahət mərkəzində əvvəlcədən verdiyi sifariş birtərəfli qaydada pozula bilməz. Əvvəlcədən sifariş, yəni bronlaşdırma müştəri ilə hotel rəhbərliyi arasında bağlanmış müqavilə əsasında olarsa, müqaviləni pozan tərəf qarşı tərəfə kompensasiya ödəməlidir, həm də ödənilən məbləğin bir neçə qatını: «Belə vəziyyəti yaradan turizm obyektləri həm ölkənin nüfuzuna xələl gətirir, həm də özlərinin bazarına zərər vururlar.
Çünki bu hallar bir neçə müştəriyə qarşı təkrarlandıqda, növbəti illərdə həmin obyekti heç kim seçməyəcək. Turizmdə bronlaşdırma qaydaları var. Bu qaydaları pozan mehmanxanalar cəzalandırılmalıdır».
Assosiasiya nümayəndəsinin sözlərinə görə, müştərinin əvvəlcədən yer bronlaşdırması üçün bir neçə üsul mövcuddur: «İnternetlə, faksla və s. bronlaşdırma zamanı yer sifarişçinin adına təsdiq olunur. Əgər bu olmasa, onda məsuliyyət turizm obyektinin üzərinə düşür. Çünki hotel biznesinin qaydalarını müştəri bilməyə bilər, amma mehmanxana bunu bilməlidir və əməl etməlidir. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinin monitorinq qrupu tərəfindən keçirilən monitorinqlər zamanı bu məsələlərə, bronlaşdırma sisteminin olub-olmamasına diqqət yetirilir”.

Bronlaşma turizm şirkətləri vasitəsilə edilməlidir

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Seymur Həsənov deyir ki, müştərinin yer bronlaşdırmaq üçün birbaşa hotel və yaxud istirahət mərkəzinə müraciətinə gərək yoxdur: “Bunun bütün dünyada qəbul olunmuş qaydası odur ki, istirahət üçün hoteldə və yaxud istirahət mərkəzində əvvəlcədən yer sifariş vermək istəyən vətəndaş turizm şirkətinə müraciət etməlidir. Onlar müştəri üçün istədiyi keyfiyyətlərə malik yeri bronlaşdırırlar və özlərinə də hər şeyi başa salırlar. Burada bütün öhdəliklər də turizm şirkətlərinin üzərinə düşür. Mehmanxanalar bunun müqabilində turizm şirkətlərinə komisyon haqqı ödəyirlər».
Sektor müdiri onu da bildirdi ki, beynəlxalq onlayn bronlaşdırma həyata keçirən saytlar var ki, müştəri bu üsuldan da istifadə edə bilər: «Bizdə isə vəziyyət bir qədər fərqlidir. Vətəndaşlarımız özləri birbaşa mehmanxanalara müraciət etməyə daha çox meyillidir. Bu zaman isə dediyiniz vəziyyət yaranır. Mədəniyyət və Turizm Nazirliyinə belə hallarla bağlı müraciət olunduqda araşdırırıq».
O ki qaldı Azərbaycanda mehmanxanaların onlayn bronlaşdırma sisteminə keçməsinə, nazirlik rəsmisi deyir ki, Bakı şəhəri ərazisində fəaliyyət göstərən hotellərin 90 faizi artıq bu sistemə qoşulub. Amma regionlardakı mehmanxanalarla bağlı bunu demək mümkün deyil: «Regionlarda böyük istirahət mərkəzləri bu sistemə keçirlər. Nazirliyin ekspertləri hər zaman onları onlayn bronlaşmanın üstünlükləri barədə maarifləndirir».

Fəxriyyə Abdullayeva