Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuş “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi başa çatıb. Noyabrın 28-də müsabiqənin yekun sərgisi açılıb.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi heykəltaraşlıq sahəsində fəaliyyəti olan gənclərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov, xalçaçı rəssam Tahir Məcid, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, müsabiqə haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc, həmçinin bir neçə yuxarı yaş qrupunun nümayəndəsi fərqli materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim edib. Bu əl işləri sırasından 140 müəllifin 160-a yaxın əsəri sərgi üçün seçilib.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgidə fəal iştirak edən tədris mərkəzlərinə təşəkkürnamə, əsəri sərgilənən iştirakçılara isə sertifikatlar təqdim olunub.