2024-cü ilin son günlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə klassik musiqi xiridarlarını sevindirəcək yeni layihə reallaşacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası böyük rus bəstəkarı S.Raxmaninovun opera yaradıcılığına müraciət edib.

İlin sonuncu şənbə günü, dekabrın 28-də bəstəkarın A.Puşkinin “Xəsis cəngavər” pyesi (“Kiçik faciələr” silsiləsi) əsasında bəstələdiyi (libretto müəllifi də bəstəkarın özüdür) eyniadlı opera ilk dəfə Azərbaycan səhnəsində səslənəcək. Filarmoniyada operanın konsert şəklində ifası təqdim ediləcək.

Opera 1904-cü ildə yazılsa da, ilk tamaşası 1906-cı ildə olub. Bu əsərin Azərbaycan səhnəsinə gəlişinin ideya müəllifi və musiqi rəhbəri Xalq artisti Yalçın Adıgözəlovdur. Əsəri onun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri və Niyazi adına Dövlət Simfonik Orkestri birlikdə ifa edəcək.

Konsert-tamaşada Xalq artisti Əvəz Abdullayev (Baron), Əməkdar artist Əliəhməd İbrahimov (Sələmçi), beynəlxalq müsabiqə laureatları Atəş Qarayev (Albert), Mahir Tağızadə (Hersoq) və İqor Yadrovu (Xidmətçi) dinləyə biləcəyik.

Gulcahan