Məşhur komediya səhnəyə qayıdır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın uzun illər səhnələrdə oynanılmış “Əliqulu evlənir” pyesinə yeni quruluş verilib.
Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan “Əliqulu bu gün evlənir” komediyasının premyerası dekabrın 19-da olacaq.
Səhnə əsərinin musiqi müəllifi mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.
Baş rolu İlham Namiq Kamal oynayır. Tamaşada Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak edirlər.