Hüseyn Razi şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsiBu il XX əsr Naxçıvan ədəbi-mədəni və mətbuat mühitinin tanınmış nümayəndələrindən biri, şair dramaturq, publisist, Əməkdar incəsənət xadimi Hüseyn Razinin (Hüseyn Məmməd oğlu Rzayev; 1924-1998) anadan olmasının 100 illiyidir.
Hüseyn Razi uzun və zəngin bir yaradıcılıq yolu keçib. O, ədəbi fəaliyyətə 1941-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Partizanın andı” şeiri ilə başlayıb. Daha sonra dövri mətbuatda müntəzəm çıxış edib, poetik yaradıcılıqla yanaşı, bədii tərcümə ilə də məşğul olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzətov, R.Babacan və A.Bartonun şeirlərini dilimizə tərcümə edib. Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunub.
Dramaturgiya sahəsində də özünü sınayan ədibin “Odlu diyar” (1963), “Günəş” (1968), “Arxalı dağlar” (1971), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulub. “Buludlar arasında”, “Həyəcanlı gecə” nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerkin, teatr resenziyalarının, “İrəvanda Azərbaycan ədəbi mühiti” adlı irihəcmli tədqiqat işinin müəllifidir.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən isə Jurnalistlər Birliyinin üzvü olan şair 1984-cü ildə Naxçıvanın, 1985-ci ildə isə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.
Hüseyn Razinin saf, ülvi sevgiyə, dərin və təmənnasız məhəbbətə həsr olunmuş bir çox şeirlərinə İbrahim Topçubaşov, Cahangir Cahangirov, Ramiz Mirişli, Məmməd Ələkbərov və digər bəstəkarlar tərəfindən musiqi bəstələnib. Bu nəğmələr Rəşid Behbudov, Zeynəb Xanlarova, Flora Kərimova kimi görkəmli müğənnilər tərəfindən ifa olunub:
Dönmərəm eşq adlı bir günahımdan,
Qara gözün kimi qibləgahımdan.
Saçına dən düşsə, mənim ahımdan,
Dünyanın saçını yolaram, gülüm.
Şimşəyə çevrilib başımda çaxsan,
Bilsəm ki, qan daman odlu bıçaqsan,
Qəfil ölüm olub qarşıma çıxsan,
Mən səni köksümə alaram, gülüm.
Əriyən ruhuma süzül su kimi,
Bir dağ çeşməsinin sal buzu kimi.
Raziyəm, istəsən bir quzu kimi,
Hər saat qurbanın olaram, gülüm.
“Azərbaycan vətəndaşlıq lirikası yaratmaq yollarında qətiyyətli addımlar atmış” (akademik İsa Həbibbəyli) Hüseyn Razinin ədəbi-elmi irsi olduqca zəngin və çoxşaxəlidir. O, bədii ədəbiyyatın bir sıra sahələrində qələmini sınasa da, yaradıcılığının ana xəttini poeziya, lirik və dramatik ədəbi növlərdə vətən, doğma el-oba, xalq sevgisi ilə, böyük cəsarətlə, aydın və konkret dillə yazılmış nümunələr təşkil edir. Qarabağ problemi, azadlığa çağırış, şəhidlik, 20 Yanvar, düşmənə nifrət, qisas almağa səsləyiş kimi ictimai əhəmiyyətli mövzular ən böyük həsrəti, arzusu, xəyalı, ümidi azadlıq olan şairin “Yuxularda”, “Qarabağdadır”, “Kül olmaz”, “Şübhələr çoxalır”, “Əsrimiz”, “Bütün ömrüm”, “Qisas qalmır qiyamətə”, “Yetim olmaq istəyirəm”, “Şəhid qəbirləri” şeirlərində ön plandadır. Xalqının imperiya əsarəti və ayrı-seçkiliyinə məruz qaldığı ağır günlərində və Qarabağ məsələsi ilə bağlı etirazlar yarandığı vaxtlarda Naxçıvanda keçirilən mitinqlərdə çıxış edən ziyalılardan biri də Hüseyn Razi idi. Qələmə aldığı şeirləri, poemaları, nəsr, dramaturgiya, ədəbi tənqid və publisistika nümunələri ilə ədəbiyyatımızı zənginləşdirən Hüseyn Razi əsərlərində xeyirxahlığı, əməyi, humanizmi, bir sözlə, nəcib insani duyğuları yüksək sənətkarlıqla tərənnüm edib. O, bir çox şair və yazıçının üzə çıxarılması, istiqamətləndirilməsi və ədəbi mühitdə parlamasında da mühüm rol oynayıb. 1947-ci ildən “Şərq qapısı” qəzeti ilə əməkdaşlığa başlayan şair 1962–1989-cu illərdə Ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik edib.
Yüksək məziyyətləri ilə seçilən belə bir ədəbi irsin Azərbaycanın müstəqillik qazandığı bir dövrdə və Azərbaycançılıq ideologiyası əsasında araşdırılması şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi daha dəqiq müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bu ehtiyacı hələ illər öncə Əməkdar elm xadimi, professor Hüseyn Həşimli vurğulamışdı: “Hüseyn Razinin zəngin, orijinal və qiymətli ədəbi irsinin daha əhatəli və ciddi tədqiqinə ehtiyac bu gün daha aşkar duyulur”.
“Mərdlik və cəsarət tərənnümçüsü” (Xəlil Rza Ulutürk) Hüseyn Razinin ədəbi-elmi irsinin tədqiqi və təbliği məqsədi daşıyan növbəti bir addım AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan “Hüseyn Razi: taleyi və sənəti” kitabı şairin anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görüb. Kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.
Dörd bölmədən ibarət kitabın ilk bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə” adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim, akademik İsa Həbibbəyli və başqa tanınmış elmi və ədəbi mühit nümayəndələrinin şairin yüksək mənəvi keyfiyyətləri və orijinal yaradıcılığı barədə fikirləri yer alıb.
“Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar” adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilib. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılıb. Burada şairin bədii-elmi irsi, bu irsin tədqiqi tarixi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası ilə bağlı araşdırmaların nəticələri əksini tapıb.
Akademik İsa Həbibbəyli “Vətəndaşlıq poeziyasının tərcümanı” məqaləsində Hüseyn Razinin əsərlərində vətən məhəbbəti mövzusunun daha üstün və qabarıq şəkildə verildiyini qeyd edir və onu haqlı olaraq “Şərq qapısı” şeir məktəbinin yaradıcısı hesab edir.
Şairin oğlu, jurnalist Əli Rzayevin xatirələrində onun uşaqlıq və gənclik illərində yaşadığı maddi çətinlikləri, qeyri-adi yaddaşa sahib olmasını, klassiklərin əsərlərindən saatlarla əzbər şeirlər deməyini, şair olmaqla yanaşı zəngin ədəbiyyatımızı ünsiyyətdə olduğu insanlara sevdirməyi bacaran bir ziyalı olduğunu, SSRİ Xalq artisti Rəşid Behbudov və Xalq şairi Xəlil Rza Ulutürklə yaxından dostluq və yaradıcılıq əlaqələrini, namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası ilə bağlı İrəvanda apardığı araşdırmaların əhatəliliyini, şeirlərindəki imperiya əleyhinə səslənən açıq fikirlərə görə təqiblərə məruz qalmasını (məsələn, 1965-ci ildə yazılmış “Yetim olmaq istəyirəm” şeiri və s.) və digər mətləbləri öyrənirik.
Hüseyn Razinin bəxtəvər yaradıcı insanlardandır. Çünki həm oğlanları, həm də kürəkəni AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov onun ədəbi-elmi irsini, şəxsi arxivindəki materialları layiqincə tədqiq və təbliğ edirlər. Bura həm də “babam bəşəri düşüncə sahibi idi” – fikrində haqlı olan nəvəsi hüquqşünas Yunis Xəlilovun vikipediyadakı, internet saytları və sosial şəbəkələrdəki paylaşımlarını da əlavə etməyi zəruri hesab edirəm. Şairin 304 səhifəlik çap olunmuş əsərlərinin məlumatlarını əhatə edən biblioqrafiyası Fərman Xəlilov tərəfindən 2015-ci ildə tərtib edilib. Alim “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabında və bir sıra mətbuat orqanlarında bu istiqamətdə orijinal tədqiqatları ilə də çıxış edib. F.Xəlilov “Hüseyn Razinin elmi irsi” adlı məqaləsində onun SSRİ və dünya yazıçıları, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə və s. haqqında ədəbi-tənqidi, elmi-publisistik məqalələri, icmalları, rəy və resenziyaları, o cümlədən professor Abbas Zamanovun rəhbərliyi ilə yazdığı namizədlik dissertasiyası haqqında ətraflı məlumat verilib.
“Naxçıvanda ədəbi qüvvələrin formalaşmasında Hüseyn Razinin rolu və təsiri” məqaləsində dosent Elxan Məmmədov onun bədii ədəbiyyat, əsl şeir haqqındakı fikirlərini diqqət mərkəzinə çəkir. Gənc qələm sahiblərinə düzgün istiqamət və yol göstərən məqalələri – “Gəlin, açıq danışaq”, “Yaradıcılıq zəhmət tələb edir”, “Şeir həvəskarları”, “Fikir aydınlığı, bədii vüsət lazımdır” və s. ondan bir ədəbiyyat nəzəriyyəçisi kimi bəhs etməyə haqq qazandırır.
Dosentlər Nurlana Əliyeva, Ramiz Qasımov və bu sətirlərin müəllifi şairin zəngin yaradıcılığını ədəbiyyatşünaslıq, Əli Qəhrəmanov, Ələkbər Qasımov sənətşünaslıq, Zülfiyyə İsmayıl, Nuray Əliyeva isə dilçilik baxımından araşdıraraq son dərəcə mühüm əhəmiyyət kəsb edən elmi nəticələr irəli sürmüşlər.
Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. “Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə şairin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. II fəsil istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.
Aygün Orucova
filologiya üzrə fəlsəfə doktoru, dosent