21-ci Ankara Kitab Sərgisi (29 noyabr – 8 dekabr) çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) nəşr etdirdiyi kitabların təqdimatı olub.
Fondun nümayəndələri bildiriblər ki, təqdim edilən nəşrlərdən biri türk xalq musiqisinin və aşıq ənənəsinin parlaq nümayəndəsi Aşıq Veysəlin yaradıcılığı barədə məqalələr toplusu, digəri görkəmli yazıçı Ömər Seyfəddinin “Hekayələr” kitabıdır.
Təqdimatda TMİF-in aparat rəhbəri Fəxri Hacıyev, Türk Dil Qurumunun başqanı professor Osman Mert, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Çıxış edənlər türk xalqlarının ədəbi-mədəni irsinin təbliğinin vacibliyini qeyd ediblər.
F.Hacıyev qeyd edib ki, TMİF bu istiqamətdə fəaliyyətini davam etdirir və 2025-ci ildə Aşıq Ələsgər irsinə həsr olunmuş beynəlxalq simpozium təşkil etmək niyyətindədir.