Dövlət Mahnı Teatrında festival-görüş
Dekabrın 6-dan 10-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı” Müəllif Mahnıları Klubunun (“Bakı” MMK) 50 illik yubileyinə həsr olunmuş beynəlxalq festival-görüş keçiriləcək.
Hazırda Azərbaycandan kənarda yaşayan “Bakı” MMK üzvlərinin də qatılacağı festival proqramına dörd konsert daxildir.
Bu barədə “Bakı” MMK-nın prezidenti Cavid İmamverdiyev məlumat verib.
Dekabrın 6-da klubun 50 illik yubileyinə həsr olunmuş konsert olacaq. Ayın 7-də və 9-da müəllif mahnıları ifaçıları (bardlar) çıxış edəcəklər. Dekabrın 10-da isə festivalın bağlanışı olacaq.
Festivalda Gürcüstan, Rusiya, İsrail, ABŞ, Cənubi Afrika və Polşada yaşayan bakılı bardlar və “Bakı” MMK üzvləri çıxış edəcəklər.
Klubun tarixindən danışan Cavid İmamverdiyev bildirib ki, onun əsası Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) nəzdində həvəskar mahnı klubu kimi qoyulub. 1974-cü ilin dekabrında institutda ilk bard konserti keçirilib: “Klubun üzvləri Sovet İttifaqında yaxşı tanınan müəlliflər – İbrahim İmaməliyev, Yakov Koqan, Aleksandr Baryudin idi. Sonra kluba Vladimir Rəhimov, Çingiz Bahadov, David Novoqrudski, Aleksandr Markman və Bakı müəllif məktəbini həqiqətən də tərənnüm edən bir çox başqa istedadlı müəlliflər gəldilər. Mən kluba 1988-ci ildə qoşulmuşam. 1997-ci ildə klubun prezidenti oldum. 20 il əvvəl Moskvada klubun 30 illik yubileyinə həsr olunmuş ilk festival-görüş keçirdik. Daha sonra 2007-ci ildən keçirməyə başladığımız Bakı Beynəlxalq Müəllif Mahnısı və Poeziya Festivalı çərçivəsində klubun 35 və 40 illik yubileylərini Bakıda qeyd etdik”.
Cavid İmamverdiyev ikinci beynəlxalq festival-görüşün keçirilməsi üçün göstərilən köməyə görə Dövlət Mahnı Teatrının rəhbərliyinə minnətdarlığı bildirib.