TİKA ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlıdır

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib.

Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək üçün perspektivlər mövcuddur. Tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə iki ölkənin potensialından istifadə olunaraq əhəmiyyətli nəticələr əldə etmək mümkündür.

Səmimi qəbula görə təşəkkürünü bildirən TİKA başqanı Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. Deyib ki, TİKA fəaliyyət sahələri üzrə daha sıx əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.

 

Yəmənlə mədəni əlaqələrin qurulması müzakirə olunub

 

Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə də görüşüb.

Diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb. Deyib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə əməkdaşlığa önəm verir.

Qeyd olunub ki, mədəniyyət xalqlar arasında körpülər qurmaq üçün əhəmiyyətli vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəni əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addım atmağa hazırdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq ölkəmizdə diplomat kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirib. O, Azərbaycanda çalışdığı dövrdə iki ölkə arasında bir sıra sahələrdə, həmçinin mədəniyyət sahəsində əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağlı fikir mübadiləsi aparılıb.