Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalət mövzusunda beynəlxalq konfrans

 

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans işə başlayıb.

Açılışda Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.

Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

“Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir”, – deyə müraciətdə bildirilir.

Qeyd olunur ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy məscid salamat qalmışdır. Lakin Ermənistan Göy məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir”.

Müraciətdə bildirilir ki, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaradıb. Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib platforma olduğunu bildirib: “Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik”.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirib. Diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: “Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.

Konfrans işini panel müzakirələrlə davam etdirib.

***

“Mədəni irsin bərpası və qorunması” mövzusunda panel sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçib.

Paneldə çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin bildirib ki, irs xalqı səciyyələndirən xüsusiyyətlərin toplusudur və buna görə də bəzi pisniyyətli qüvvələrin əlində təxribat vasitəsi kimi istifadə edilə bilər. Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Məsələn, Şuşadakı kilsəni ermənilər özləri işğal dövründə dağıtmışdı, ancaq elə təqdim edirdilər ki, guya azərbaycanlılar onu dağıdıb. “Qeyd edim ki, mən Qarabağda olmuşam, orada həddən çox mina basdırılıb. Hesablamalara əsasən, həmin ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri hazırda həyata qaytarmağa çalışır. Həmçinin tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır”, –  deyə o diqqətə çatdırıb.

Belçikada yerləşən Avropa İnkişaf və Tədqiqat Akademiyasının üzvü xanım Aişa Başa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İnsan və sosial elmlər sektorunun direktoru xanım Ramata Almamy Mbaye, Buxarest Bələdiyyəsinin Böyükşəhər Kitabxanasında Nadir kolleksiyalar şöbəsinin kuratoru və UNESCO-nun eksperti xanım Nikoleta Zaqura, İordaniyada Haşimi Universiteti Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib sessiyada çıxış ediblər. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi abidənin məhv edilməsi, mənimsənilməsi və ya təhrif edilməsi ilə bağlı faktlar geniş müzakirə olunub.

***

“Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyasına Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib.

Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınmasının insan hüquqlarının pozulması olduğunu diqqətə çatdıraraq bildirib ki, bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır.

Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess çıxışında müəyyən dövrlərdə minlərlə azərbaycanlının qanunsuz şəkildə öz yurdlarından qovulmasında Ermənistanın qeyri-rəsmi təşkilatları və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara qarşı ciddi şəkildə zorakı deportasiya siyasəti tətbiq olunub.

Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-nin Qrinsboro Universiteti Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov azərbaycanlıların tarixi Azərbaycan ərazisindən qovulduğunu və yerlərinə ermənilərin yerləşdirildiyini deyiblər.

***

51 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi konfransda ümumilikdə 5 panel üzrə 25 çıxış dinlənilib.