“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə 6-8 dekabr tarixlərində III Gəncə kitab sərgisi keçirilib.

“Nizami yurduna kitabla gəlirik!” şüarı altında gerçəkləşən sərgi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edənlər kitaba və mütaliəyə marağın artırılması baxımından bu cür tədbirlərin təşkilinin böyük önəm daşıdığını bildiriblər.

30-dan çox nəşriyyatın iştirak etdiyi sərgi çərçivəsində yazarlar Varis, Elxan Elatlı, Şəmil Sadiq, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə panel müzakirələr, təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, ustad dərsləri və musiqili proqram təşkil olunub.

Üç gün davam edən sərgi zamanı nəşrlər endirimli qiymətlərlə oxuculara təqdim edilib.