Salyan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rayonun Ramiz Qafarov adına Marışlı kənd tam orta məktəbində həvəskar rəssam Aytən Abasovanın "Rənglərim" adlı fərdi sərgisi keçirilib.

Sərginin açılış mərasimində mədəniyyət və təhsil işçiləri, məktəblilər, ictimaiyyət iştirak ediblər.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, Marışlı kənd tam orta məktəbinin direktoru Abdulxeyir Nəcəfov, rəssam Coşğun Məmmədov və digərləri çıxış edərək gənc rəssamın rənglər dünyasından söhbət açıblar.

Qeyd olunub ki, rəsm sənətinin incəliklərini Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltaraş İman Mustafayevdən öyrənən Aytən daha çox peyzaj, natürmort və portret janrlarına müraciət edir. O bu il Bakı Xətai Sənət Mərkəzində keçirilən “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalında (13-16 yaş kateqoriyası) Salyan Dövlət Rəsm Qalereyasını “Yasəmən” tablosu ilə təmsil edib, ilk onluqda qərarlaşıb.

Sonra çıxış edən Aytən Abasova sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda sərgiyə baxış olub. Rəssamın “Yasəmən”, “Naməlum fransız qadın”, “Karvan”, “Dünyaya baxış”, “Kür sahilində”, “Qış”, “Tənha yelkən”, “Van Qoqa improvizasiya” və digər tabloları sərgi iştirakçılarında xoş ovqat yaradıb.

Nurəddin