Əməkdar rəssam İsa Məmmədovun (1956–2024) xatirəsinə həsr olunmuş “Bakının mənzərələri” adlı sərgi dekabrın 6-da Muzey Mərkəzində açılıb.

Sərgi Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyası, Rəssamlar İttifaqı və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə təşkil olunub.

Sərgidə rəssamın Bakının görməli-gəzməli məkanlarını (Dənizkənarı Milli Park, Nizami küçəsi, Vağzal meydanı, Fəvvarələr meydanı və s.) əks etdirən 60 əsəri nümayiş etdirilir.

Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağəli İbrahimov, sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev sənətkarın ömür yolu və yaradıcılıq məziyyəti haqqında fikirlərini və xatirələrini bölüşüblər.

Tədbirdə İsa Məmmədovun ailə üzvləri də iştirak ediblər. Rəssamın oğlu Nəriman Məmmədov bu sərgi ilə atasının arzusunun yerinə yetirdiyinə görə qürur duyduğunu bildirib: “Atam özü bu sərgini görə bilməsə də, biz onun xəyalını gerçəkləşdirə bildik. Mən inanıram ki, indi onun ruhu şaddır. Bu sərginin təşkilində və açılmasında əməyi olan hər kəsə ürəkdən təşəkkür edirəm”.

Qərbi Azərbaycanda, Zəngəzur mahalında doğulan İsa Məmmədov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsində təhsil alıb. Yaradıcılığında müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərəyə üstünlük verən rəssam bu janrda rəngarəng tablolar ərsəyə gətirib. Böyük şəhərdə yaşayıb, amma uşaqlıq və gənclik illərinin keçdiyi yerlərlə bağlı xatirələr onu heç vaxt tərk etməyib. Azərbaycanın rayonlarına tez-tez səfər edib, silsilə tablolar çəkib.

Rəssamın Bakı mənzərələri də şəhərin səs-küyündən, meqapolisə xas olan həyat ritminin sərt təsvirindən  məhrumdur. Onun tabloları təbiətin sevimli guşələrinə, Bakının görməli yerlərinə olan sevgisi ilə seçilir, bu mənzərələrin ruhu tamaşaçılara da sirayət edir.