2022-ci il mayın 11-i idi. Rəşada zəng vurdum ki, gəl, bir ideya var. Və bizim bu ideya üçün 365 gün vaxtımız var...
Bir il sonra “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adını alacaq triptix-xalçanın yaranma tarixçəsi belə başlamışdı.
2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərsəyə gələn və indiyədək müxtəlif məkanlarda nümayiş etdirilən unikal sənət əsərinin növbəti təqdimatı dekabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində keçirildi.
Ulu öndərin vəfatının növbəti ildönümü ərəfəsində baş tutan tədbirdə layihənin həmmüəlliflərindən Emin Məmmədov xalça üzərində hansı şövq və məsuliyyətlə çalışmalarından danışdı. Amma bu barədə bir qədər sonra.
***
Milli Xalça Muzeyindəki təqdimat mərasimi Heydər Əliyevin qədim xalça sənətimizə, onu yaşadanlara, təbliğ edənlərə qayğı və ehtiramını əks etdirən videoçarxın nümayişi ilə başladı. Videoçarxda Azərbaycan xalça rəssamlarının işlədikləri portret xalçaların da görüntüsü yer almışdı.
Muzeyin direktoru Əminə Məlikova tədbirə toplaşanları salamlayaraq sənət məbədinin dünyanın ilk xalça muzeyi kimi bu qədim mirasın yaşadılmasında rolundan, xalçaçılığa dövlət qayğısından danışdı. Vurğuladı ki, artıq 10 yaşına çatmış xalça muzeyi həm də xalça sənətini öyrənən və öyrədən elmi mərkəzdir. Təqdim olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası isə milli xalçaçılıq sənəti ənənələrini yaşadan, həm də stereotipləri qıran bir sənət nümunəsidir.
Mədəniyyət naziri Adil Kərimli “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası barədə danışarkən söylədi ki, bu sənət əsəri Azərbaycan milli mədəni irsinin öyrənilməsində və təbliğində böyük rol oynayacaq. Xalça kodlarla danışan dekorativ-tətbiqi sənətdir. Onun dilini də bu sənətin daşıyıcıları hamıdan yaxşı bilirlər.
“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının iki müəllifi var – yuxarıda çıxışından sitat gətirdiyimiz Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov. Onların hər ikisinin çıxışında bu layihə ətrafında birləşən komandanın səliqəli işi, onu vaxtında başa çatdırmaq əzmi barədə şirin xatirə notları var idi.
Xalq rəssamı Ömər Eldarov isə bu gün yeni yanaşma, fərqli dizaynda təqdimatını yaşayan xalq sənətinin insanlığın tarixi ilə yaşıd olmasından söz açdı, bu sənətin əsrdən-əsrə görkəmcə dəyişikliklərə uğramasına rəğmən bizimlə qoşa ömür sürəcəyinə əminliyini bildirdi.
Sonra isə təqdimatın musiqi bəzəyi qulaqlarımızı oxşadı. Əməkdar artist, vokalçı Ramil Qasımov pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu öndər Heydər Əliyevin çox sevdiyi nəğmələrdən ikisini – Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etdi.
***
“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalçanın yaratdığı təəssürata keçməmiş onu da qeyd edək ki, bu əsər İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin birgə layihəsidir. “Azərxalça”nın İsmayıllı filialında çalışan ustaların əl əməyinin bəhrəsi kimi bir ilə başa gəlib.
***
“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının parametri stilizə olunmuş 100 rəqəmi formasında həll edilib. Triptixin üçüncü hissəsində Heydər Əliyevin portreti həkk olunub. Əslində, bu portret bizim alışdığımız, nəbati cizgilər, naxışlar içində yaradılmış ənənəvi portret deyil. Ulu öndərin dövlət rəhbəri olduğu illərin, Azərbaycan sevgisinin onun simasında əksini tapan obrazıdır. Üzünü sağ tərəfə çevirərək baxan portret bir növ üfüqün arxasından baxırmış kimi təsvir olunub. Xalçaların ənənəvi, daha çox həndəsi cizgilərlə işlənilən haşiyələri də fərqlidir. Azacıq diqqət edincə görürsən ki, bu cizgilər birlik rəmzidir: fərqli, lakin çox yaxın rəngli əllər salamlaşırmış kimi bir-birini tutur, eynilə “Yallı” rəqsindəki kimi. Burada bir el məsəli yada düşür: el bir olsa, dağ oynadar yerindən.
Triptix-xalçada ailə, dövlətçilik, bərəkət, təbii sərvət, dövlətin hərbi gücü, elm-təhsil rəmzləri də var. Üstəlik, rəssamlar xalçada Heydər Əliyevin çox sevdiyi zoğalı rəngli qızılgül rəmzlərini də unutmayıblar: xalçadakı digər elementlərin arasından boylanan bu qızılgüllər həm sakit çalarlı rənglərin arasında alov kimi diqqəti çəkir, həm də bütöv Azərbaycanın tezliklə başdan-başa gülüstana çevriləcəyinə əminlik yaradır...
Bu gün biz buna, sadəcə, əmin deyil, həm də şahidik. Güclü, tərəqqi edən, sərhədləri bütöv Azərbaycanın vətəndaşları kimi...
Dövlətimizin memarının əziz xatirəsinə ehtiramla “Mədəniyyət” qəzetinin kollektivi adından
Gülcahan Mirməmməd