Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Söhbət zamanı iki dövlət arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyi bir daha vurğulanıb.
Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən (8 dekabr – red.) sonra yaranmış vəziyyət müzakirə olunub.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.