İşğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik olan şəhərdə həyatın bərpasına, iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir.
Azərbaycanın Baş naziri Əli Əsədov bunu dekabrın 12-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Şuranın bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edildiyini xatırladan Əli Əsədov deyib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 2 mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.
Baş nazir vurğulayıb ki, “mədəniyyət paytaxtı” fəxri statusu Laçının mədəni irsini və ümumilikdə Azərbaycan mədəniyyətinin zənginliyini layiqincə təqdim etmək imkanı verəcək.
O, həmçinin qeyd edib ki, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək, Gəncə şəhəri isə “Birliyin idman paytaxtı” olacaq.