AMEA-da beynəlxalq elmi konfranslar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə dekabrın 16-da “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində uzun zaman diqqətdən kənarda qalmış Asiya ölkələri ədəbiyyatı ilə bağlı Bakıda keçirilən ilk beynəlxalq elmi konfransın əhəmiyyətindən bəhs edib. Bildirib ki, AMEA-nın institutlarında Asiya ədəbiyyatı ilə bağlı şöbələr, Çin, Pakistan, eləcə də Mehmet Akif Ərsoy (türk), Əlişir Nəvai (özbək, eləcə də Məhtimqulu Fəraqi (türkmən) ədəbiyyat mərkəzləri fəaliyyətə başlayıb. AMEA ilə Çin İctimai Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası, eləcə də AMEA ilə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb. Türkiyə, Qazaxıstan və Özbəkistanın universitetləri ilə əməkdaşlıq qurulub. AMEA Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumlar da təmsil olunur.
Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyası prezidenti Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi Lu Yusong, Hanoy Universitetinin (Vyetnam) əməkdaşı Nguyen Van Çien, Fərqanə Dövlət Universitetinin (Özbəkistan) kafedra müdiri Mənzurə Jurayeva və başqa qonaqlar çıxış ediblər.
“Şərqi Asiya diskursu və Koreya ədəbiyyatının yeni gələcəyi”, “Çin ədəbiyyatının xalq mərkəzli təbiəti: təkamül və missiya”, “Asiya ədəbiyyatında doğu-batı diskursu: Koreya, yapon və əfqan romanları kontekstində” mövzularda məruzələr dinlənilib.
Konfrans işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı”, “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyalarda davam etdirib.
Dekabrın 17-də isə AMEA Rəyasət Heyətində “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda elmi konfrans keçirilib.
Akademik İsa Həbibbəyli bu konfransın keçirilməsi barədə bir neçə il öncə AMEA-da MDB dövlətlərinin alimlərinin iştirakı ilə baş tutmuş “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq tədbirdə razılığa gəlindiyini xatırladıb. AMEA rəhbəri bir neçə il öncə Pakistan Ədəbiyyat Akademiyası tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının urdu dilinə tərcümə olunduğunu, hazırda isə Cənubi Koreya mütəxəssisləri tərəfindən dastanın Koreya dilinə tərcüməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”da zaman, məkan və kəmiyyət vəhdəti (xronotoplar və uzunluq toposları)”, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırovun “İqor polku” dastanı haqqında söz: əfsanə və reallıqlar”, Folklor İnstitutunun şöbə müdiri professor Füzuli Bayatın “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana” mövzusunda məruzələri dinlənilib. Həmçinin Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutundan dosent Gülnaz Sattarovanın “Özbək dastançılıq ənənələri və müasir dövr”, Abay Qazax Milli Pedaqoji Universitetindən Janakul Sametovanın “Qazax epos yaradıcılığı” və AMEA Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənlinin “Çingiz Aytmatov yaradıcılığında epos motivləri” mövzularında məruzələri təqdim olunub.