“SpaceX” və “Tesla”nın qurucusu, “X” (keçmiş “Tvitter”) sosial şəbəkəsinin sahibi İlon Maskın sərvəti dekabrda 455 milyard dollara çatıb.

İlon Maskın varidatı dünyanın ən varlı şəxslərinin siyahısında 2-ci olan Ceff Bezosun (“Amazon” şirkətinin qurucusu) sərvətini (246 milyard) təxminən iki dəfə üstələyir. Bu sərvətlə Mask dünyanın bir çox ölkələrindən də qat-qat varlı sayılır.

Hazırda dünyada ümumi daxili məhsulu (ÜDM) 455 milyarddan çox olan, yəni İlon Maskdan varlı sayılacaq cəmi 33 dövlət var.

Dünyanın 160 ölkəsində isə ÜDM-in həcmi İlon Maskın sərvətindən azdır. Onların sırasında İran (402 milyard dollar), Misir (396 milyard), Pakistan (338 milyard), Finlandiya (300 milyard), Portuqaliya (287 milyard), Qətər (236 milyard dollar) kimi ölkələr var.

Bundan əlavə, amerikalı milyarderin sərvəti aralarında Moldova (17 milyard), Qırğızıstan (14 milyard), Tacikistanın (12 milyard) da yer aldığı 50 ölkənin ÜDM-in cəmindən (440 milyard dollar) çoxdur.