Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı bu il yeni mövsümünü (29 sentyabr) “Ölülər” tragikomediyasının tamaşası ilə açdı. Böyük Mirzə Cəlilin şah əsərinin yeni səhnə təcəssümünü izləmək üçün gələnlər, sözün əsl mənasında, qələbəlik yaratmışdı.
Səhnələrə ayaq açandan – 110 ilə yaxındır teatrların repertuarında yer alan, maraqla izlənilən, tamaşaçıları düşündürən “Ölülər” bu dəfə də teatrsevərlər tərəfindən maraqla qarşılandı. Bunun bir çox səbəbləri var. Ən əsası, əsərin böyük ideya-məzmun dəyəri, müəllifin diqqət mərkəzinə gətirdiyi problemlərin, təəssüf ki, hələ də aktual olmasıdır. Obrazlı desək, görkəmli yazıçının güldürə-güldürə ağladıb anlatdığı həyat gerçəklikləri insanları mənəvi cəhətdən silkələyir, həm özü, həm də cəmiyyəti düşünməyə vadar edir.
Mirzə Cəlilin 1909-cu ildə qələmə aldığı “Ölülər” pyesinin ölkəmizdə ilk dəfə tamaşaya qoyulduğu teatrlar sırasında Naxçıvan teatrı da var. Yəni bu ölməz əsər Naxçıvan tamaşaçılarına yaxşı tanışdır. Xalqımızın Ümummilli lideri, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyev “Ölülər” tamaşasına ilk dəfə 13 yaşında Naxçıvan səhnəsində baxdığını, onun yaddaşında dərin iz buraxdığını, təsirindən çıxa bilmədiyini deyib. Ulu öndər bu pyesi fəlsəfi əsər kimi səciyyələndirib: “...Həddindən artıq bir fəlsəfi əsərdir. İnsan fəlsəfəsinin ən yüksək zirvəsində olan bir əsərdir”.
“Ölülər” Naxçıvan teatrının səhnəsində sonrakı dövrlərdə dəfələrlə ayrı-ayrı rejissorların yozumunda tamaşaçılara təqdim olunub və repertuarda yer tutub. Belə olan halda, teatrın yaradıcı kollektivinin əsərə yenidən müraciət etməsinin özü də böyük cəsarət və məsuliyyət tələb edir, eyni zamanda rejissorun və kollektivin özünə olan inamından xəbər verir. Məmnunluqla qeyd edək ki, yaradıcı kollektivin zəhməti hədər getməyib, rejissorun məxsusi yanaşması, müəllif qayəsi və aktyor oyunu harmoniya yaradaraq maraqlı bir səhnə əsərini ortaya çıxarıb.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Mir Qabil Əkbərovdur. Rejissoru və baş rol (Şeyx Nəsrullah) ifaçısı isə muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyevdir.
Tamaşada əsərin qələmə alındığı dövrdə cəmiyyət həyatında hökm sürən dini fanatizm, mənəvi əsarət və cəhalətin ağır fəsadları dolğun şəkildə diqqətə çatdırılır. Səməd Canbaxşiyevin Şeyx Nəsrullahı, Xalq artistləri Rza Xudiyevin Hacı Həsəni və Yasəmən Ramazanovanın Kərbəlayı Fatması müəllif qayəsinin ustalıqla, məharətlə təqdimatı ilə yadda qaldı. Tamaşaçılar qəhrəmanların düşdüyü vəziyyətlərə həm güldülər, həm də təsirləndilər.
Səhnə əsərində digər aktyorlar da istedad və zəhmətləri ilə obrazlarının öhdəsindən yüksək səviyyədə gəldilər. Məmməd Mehdiyevin Kefli İsgəndəri xüsusi maraq doğurdu. Gənc aktyor dini cəhalətin hökm sürdüyü qaranlıq mühitdə işıqtək parlayan, cəmiyyətin ifrat naqisliklərinə dözə bilməyən, “İsfahan lotusu” adlandırdığı Şeyx Nəsrullahın qeyri-insani əməllərini ifşa edən Kefli İsgəndəri tamaşaçıya bir daha sevdirdi. Qəhrəmanın avam insanları zülmətdən aydınlığa səsləyən, maarif və mədəniyyətin yeganə xilas yolu olduğunu məharətlə diqqətə çatdıran aktyor istedad və sənət şövqü ilə ona göstərilən etimadı layiqincə doğrulda bildi.
İstənilən səhnə əsərinin müvəffəqiyyət qazanmasında düzgün rol bölgüsü müstəsna əhəmiyyətə malikdir. Bu mənada, “Ölülər” tamaşasında da uğurlu aktyor ansamblının formalaşdırılması öz bəhrəsini verdi. Eyni zamanda rejissorun aktyor heyəti ilə səmərəli çalışmasının nəticəsi idi ki, tamaşanın dinamizmi sonacan davam etdi. Yəni tamaşaçının diqqəti səhnədə baş verənlərdən yayınmadı...
Təbii ki, tamaşanın təsirli alınmasında uğurlu rəssam işi (Əməkdar rəssam Səyyad Bayramov), maraqlı musiqi tərtibatı (Azər Cəfərov) da önəmli rol oynamışdı.
Tamaşaçıların marağı və sürəkli alqışı yaradıcı kollektivin məqsədinə çatmasından, “Ölülər”in Naxçıvan səhnəsində diriliş təcəssümündən xəbər verirdi. İnanırıq ki, yeni mizan və quruluşda təqdim olunan tamaşa böyük ədibin adını daşıyan teatrın repertuarında hələ uzun müddət qalacaq.
Naxçıvan teatrının kollektivinə yeni yaradıcılıq uğurları diləyi ilə
Adilə Səfərova
Əməkdar mədəniyyət işçisi