ICESCO-da ölkəmizin müsbət təcrübəsindən söz açılıb

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Mərakeşdəki səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

ICESCO-nun qərargahında təşkil olunan konfransda Azərbaycandan Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, digər rəsmilər, Mərakeş, Misir, Liviya, Tunis, İtaliya, İngiltərə və digər ölkələrdən dini mövzular üzrə mütəxəssislər iştirak ediblər.

Çıxışlarda birgəyaşayış, qarşılıqlı hörmət və dini dözümlülüyün qlobal əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın dini müxtəliflik sahəsində uğurlu təcrübəsindən söz açılıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun moderatorluğu ilə keçən “Dini birgəyaşayışda ən yaxşı təcrübələr. Dini tolerantlıq və birgəyaşayışın Azərbaycan modelinin tədqiqi, uğurlu təşəbbüslərin və təcrübələrin işıqlandırılması” mövzusunda sessiyada millət vəkili Fazil Mustafa ölkəmizdəki mədəniyyətlərarası dialoq mühitindən söz açıb. Ermənistan tərəfindən otuz il işğalda saxlanılan Azərbaycan torpaqlarında, eləcə də indiki Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus dini və mədəni irs nümunələrini məhv etdiyini diqqətə çatdıran F.Mustafa bu prosesin əsas təbliğatçılarının erməni kilsəsinə mənsub din xadimləri olduqlarını vurğulayıb.

İtaliyanın “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad bildirib ki, bəşəriyyətin qurtuluşu xalqların birgəyaşayışındadır və bu baxımdan multikulturalizm və tolerantlığın Azərbaycan modeli mühüm siyasi məna daşıyır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) Azərbaycan dövlətinin din siyasətinin ən mühüm prinsiplərinin tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə hörmət bəsləmək olduğunu diqqətə çatdırıb.

Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal əsrlər boyu Azərbaycanda bir çox xalqların nümayəndələri arasında dostluq münasibətlərinin olmasından söz açıb.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek xristianlığın ölkəmizdə yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə Azərbaycan arasında tarixi münasibətlər haqqında danışıb.

Konfransın yekununda ICESCO-nun baş direktoru Salim əl-Malik, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, ölkəmizin Mərakeş Krallığındakı səfiri və ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov çıxış ediblər.

Salim əl-Malik dinlərarası dialoqun və harmoniya prinsipinin müasir dünyada dinc birgəyaşayışın təmin edilməsi üçün əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində təşkil olunan “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgidə Azərbaycandakı dini müxtəliflik və tolerantlıq, eləcə də ICESCO tərəfindən 2024-cü ildə  “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa ilə bağlı fotolar nümayiş etdirilib.