“Ermənistan bizimlə silah yarışında tab gətirə bilməz”

 

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Prezident İlham Əliyev bu sözləri dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 2022-ci ilin fevralında iki ölkə arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasından ötən müddətdə regionda və dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib: “Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir”.

Prezident diqqətə çatdırıb ki, bu ilin avqustunda Rusiya rəhbəri Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində münasibətlərin müttəfiqlik xarakteri bir daha  təsdiqlənib: “Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq”.

Prezident İlham Əliyev müsahibədə regional və beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Azərbaycanla Ermənistan arasındakı münasibətlərlə bağlı suallara cavab verib.

 

Bəzi dövlətlərin Ermənistana dəstəyi barədə: adekvat tədbirlər görürük

 

Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın Baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.

 

Sülh sənədində hələ razılaşdırılmayan məsələlər

 

Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın Baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.

Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.

Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə, obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

 

Fransa ilə münasibətlərimiz niyə pozulub?

 

Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.

...Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”... Fransa nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar.

 

Azərbaycanda rus dili mədəniyyətimizə heç bir zərər vermir

 

Rus dilinə ictimaiyyət tərəfindən tələbat var və ona hər hansı məhdudiyyət yoxdur. Əksinə, biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Dili yaxşı bilmək sənə həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Bu, insanlarımıza təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırıq. Biz görüşlər zamanı rusca danışırıq. Yəni, rus dili bunları verir.

Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Rus dilinə bu cür münasibət Azərbaycan dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir. Əksinə, bu, dost ab-havası yaradır. Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.