Milli Xalça Muzeyindəki sərgi gələn ilin may ayınadək davam edəcək
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərginin açılış mərasimi keçirildi.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles and Rugs”ın (“Oskouei” MMC) təşkilatçılığı, “bp-Azərbaycan”ın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə gerçəkləşib.
Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova əvvəlcə muzeyin kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi.
Qeyd olundu ki, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunur. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer tutur. Sərgidə təqdim olunan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldə etmək mümkündür.
Sonra Milli Xalça Muzeyinin keçdiyi yolu və onun yeni binasının inşasını özündə əks etdirən videoçarx nümayiş olundu.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi ki, Azərbaycanın zəngin sənət növləri arasında xalçanın mühüm yeri var: “Xalça xalqımızın həyat fəlsəfəsini, estetik duyumunu, dünyagörüşünü əks etdirir. Biz erkən vaxtlardan xalçalar vasitəsilə rəngləri, naxışları dərk etməyə başlamışıq. Onun istisi hər birimizin evinə hərarət gətirib, bəzəyinə çevrilib. Xalça mirasdır, xalça sərvətdir, lakin ən əsası, xalqımızın genetik kod daşıyıcısıdır”.
Bildirildi ki, XVI-XVII əsrlər Azərbaycan xalçaçılıq sənəti tarixində ən zəngin dövrlərdəndir. Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq xalçaların yaradılmasında yalnız toxucu deyil, dövrün görkəmli rəssamları da iştirak ediblər. Dövrün miniatür rəssamları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynayıblar. Bu isə daha sonra Şərq incəsənətində böyük təsirə səbəb olub.
Nazir müavini söylədi ki, qədim xalçaçılıq sənəti Ümummilli lider Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi inkişaf edib. Bu diqqət və qayğının nəticəsində Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələrinin geniş miqyasda muzey fondunda toplanmasına imkan yaranıb. 1972-ci ildə muzeyin təntənəli açılış mərasimi isə Heydər Əliyevin iştirakı ilə keçirilib. Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır.
“bp” şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun mədəni layihələrindən söz açdı, bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğuladı.
Daha sonra Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx göstərildi.
“Amir Textiles and Rugs”ın rəhbəri, kolleksiyaçı Əmir Oskouei tədbirdə iştirakından məmnunluğunu bildirdi.
Bədii hissədə Nihad Qədirli (tar) və Toğrul Qasımovun (kamança) müşayiəti ilə xanəndələr Zeynəb Nəcəfova və Rəvan Qaçayev tərəfindən musiqi nömrələri səsləndirildi, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzundərə”, “Şələqoy” və s. rəqslər təqdim edildi.
Sonda qonaqlar sərgi ilə yaxından tanış oldular. “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi 2025-ci il mayın 10-dək davam edəcək.
Nurəddin