Olaylar, faktlar (23 – 28 dekabr)
28 dekabr Beynəlxalq Kino Günüdür. 28 dekabr 1895-ci ildə Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk qısametrajlı filmin (“Fəhlələrin fabrikdən çıxması”) seansını təşkil ediblər.
219 il əvvəl...
27 dekabr 1805-ci ildə Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. General Pavel Sisianovun Mustafa xana imzalatdığı müqavilə ilə Şirvan xanlığı Rusiyaya ilhaq edilib.
85 il əvvəl...
27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində 7,9 bal gücündə zəlzələ baş verib. Sivas və Samsun vilayətlərində də böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 33 minə yaxın insan həlak olub.
77 il əvvəl...
23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib. Köçməyə məcbur edilən ailələrə cəmi 2 ton yük götürməyə icazə verilirdi. Azərbaycanın rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948-ci il) verildi. 1948–1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Sonradan onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.
33 il əvvəl...
25 dekabr 1991-ci ildə SSRİ-nin Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Moskva vaxtı ilə saat 19:00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirilib və Rusiyanın üçrəngli bayrağı qaldırılıb. Ertəsi gün SSRİ Ali Sovetinin sonuncu iclası keçirilib. İclasda ittifaqla bağlı bütün qurumların, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə xitam verilib. Sovet İttifaqı quruluşunun 69-cu ildönümünə dörd gün qalmış rəsmən süqut edib.
***
25 dekabr 1991-cü ildə Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman verib. Yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi, lakin proses çox uzandı. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.
25 dekabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
Hazırladı: V.Orxan