Sentyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal arasında görüş keçirilib.
Görüş zamanı bu ilin 24-28 avqust tarixində Misirdə olmuş nazirliyin nümayəndə heyətinin səfərlə bağlı təəssüratları, təklifləri və gələcək perspektivlər barədə müzakirə aparılıb.
Nümayəndə heyətinin rəhbəri, Turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd edib ki, səfər çərçivəsində Azərbaycan və Misir arasında turizm əlaqələrinin genişləndirilməsi və bu ölkənin turizm şəhərlərində görülən işlərlə, turizm obyektləri ilə yerində tanışlıq məqsədilə görüşlər keçirilib.
Müvəqqəti işlər vəkili Heysam Cəlal öz növbəsində gələcəkdə birgə fəaliyyət göstərilməsi məqsədilə turizm sahəsində bütün layihə və təkliflərə səfirlik tərəfindən dəstəyə hər zaman hazır olduqlarını bildirib. Sonda Misirin kütləvi informasiya vasitələrində Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün video çarx diplomata təqdim olunub.