Ustad tarzən, Əməkdar artist Əhsən Dadaşovun (1924–1976) anadan olmasının 100 illiyi dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.

Tədbirdə çıxış edən Xalq artistləri Adil Bağırov, Şəfiqə Eyvazova, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə tarzənlə bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, Əhsən Dadaşovun ifası insan ruhunu oxşayaraq onu öz sehrinə salırdı. O, Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov kimi ustad tarzənlərdən dərs alıb, ifaçılıq xüsusiyyətlərini dərindən mənimsəyərək inkişaf etdirib. Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi bir çox ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan musiqisini təmsil edib.

Əhsən Dadaşov 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunda xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi onun bədii rəhbəri olub. Hazırda “Xatirə” Xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov həmçinin bir çox tarzənlərin sənət müəllimi olub.

Tədbirin bədii hissəsində Xalq artistləri Vamiq Məmmədəliyev, Nəzakət Teymurova, Malik Mansurov, tarzən və pedaqoq Elxan Müzəffərov, Əməkdar artistlər Əliağa Sədiyev, Səbuhi İbayev, Qoçaq Əsgərov, beynəlxalq və respublika müsabiqələri laureatları Mehri Əsədullayeva, Rövşən Qurbanov, Bəhruz Zeynal, Kamilə Nəbiyeva və “Əhsən” Xalq çalğı alətləri ansamblının iştirakı ilə konsert proqramı təqdim olunub.

Sonda tarzənin qızı Xanım Məhərrəmova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.