Naxçıvan teatrı Bakı səhnəsində
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Araz sahilində doğan günəş” tamaşası ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çıxış edib.
Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı eyniadlı dram əsasında hazırlanan səhnə əsəri uzun müddətdir teatrın repertuarındadır.
“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvəllərindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramovdur. Səhnə əsərində Xalq artistləri Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayı Kərəm), Həsən Ağasoy (Bağır kişi), Əməkdar artistlər Əli Əliyev (Nəriman Nərimanov), Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov (Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski), Ələsgər Quliyev (Stalin), Anar Eyvazov (Yusif Kamal bəy) və digər aktyorlar rol alıblar.
Tamaşa Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatır.