2024-cü ili yola salırıq. Teatr-konsert müəssisələri də tamaşaçılarını bayram ovqatına kökləmək, xüsusən uşaqların qış tətili və Yeni il bayramını yaddaqalan etmək üçün zəngin proqram tərtib edib.
Xatırladaq ki, 30 dekabr – 5 yanvar tarixləri ölkədə qeyri-iş günləridir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında balacaları “Nindza tısbağalar və kapitan Cekin macəraları” tamaşası gözləyir. Tamaşalar dekabrın 27-dən yanvarın 2-dək hər gün 4 seans olmaqla göstəriləcək.
Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Evdə tək” 28 dekabr tarixindən 5 yanvar tarixinədək hər gün 4 seans olmaqla uşaqlara maraqlı və əyləncə dolu istirahət vəd edir.
Milli Gənc Tamaşaçılar Teatrının bayram repertuarında “Madaqaskarlı dostların Yeni il sərgüzəştləri” var. Tamaşa tətil günlərində 4 seans olaraq göstəriləcək.
Akademik Rus Dram Teatrının səhnəsində də uşaqlar və valideynləri xüsusi hazırlanmış musiqili şou – “Şaxta baba ilə Yeni il karnavalı” gözləyir.
Şuşa Dövlət Musiqili Dram Teatrı tamaşaçıları “Şaxta babaya məktub” yazmağa dəvət edir. Şaxta baba, Qar qız, nağıl qəhrəmanları, musiqili-əyləncəli proqram və nağıl-tamaşa sizi gözləyir.
Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalıb və Yeni il bayramı və məktəblilərin qış tətili günlərinə yeni tamaşa hazırlayıb. Onlar “Şaxta baba haradadır” sualına cavab tapmağa çalışacaqlar. Macəra dolu tamaşa hər gün 4 seans olmaqla 27 dekabr – 5 yanvar tarixlərində nümayiş olunacaq.
Heydər Əliyev Sarayı da bayramsayağı bəzədilərək “Şaxta babanın xəzinəsi” adlı yeni şou proqramla sizi gözləyir. 28, 29 dekabr, 2, 3, 4 yanvar tarixlərində hər gün 3 seans (12, 14 və 16:00) nəzərdə tutulub.
Dövlət Mahnı Teatrında “Milad hekayəsi” danışılacaq. Həyatını sərvət toplamağa həsr edən bir insanın ibrətamiz hekayəsi bizə puldan daha vacib şeylərin olduğunu göstərəcək.
Onu da qeyd edək ki, bölgələrdəki sənət ocaqları – Lənkəran, Şəki, Qazax, Füzuli, Salyan, Naxçıvan, Qax və Gəncədəki Dram və Kukla teatrları da uşaqlar üçün rəngarəng bayram tamaşaları hazırlayıb.
Həmidə