Mədəniyyət tariximizin qərinədən artıq səhifəsi...
Əbədiyyətimiz mədəniyyətimizdədir... 1991-ci ilin 2 yanvarında bu şüarla nəşr həyatına qədəm qoymuşdu “Mədəniyyət” qəzeti. Görkəmli şair, vətənpərvər ziyalı Şahmar Əkbərzadənin təşəbbüsü və fədakarlığı, mədəniyyət naziri Polad Bülbüloğlunun yaxından dəstəyi və xeyir-duası ilə Azərbaycanın mətbuat salnaməsində yeni adla bir səhifə açılmışdı.
“Mədəniyyət ölməzlikdir. İnsanlığı yaşadan odur... Mədəniyyət qüdrətli anlamdır. Sözdən kitaba, kərpicdən saraya, əlifbadan elmə, ürf-adətdən hüquqa, zövqdən sənətə, dildən dinə qədər...”, – Şahmar Əkbərzadə baş redaktor kimi oxuculara ilk xitabında qeyd etmişdi.
Polad Bülbüloğlu Azərbaycanda mədəniyyət işçilərinin ayrıca qəzetinin olmasının əhəmiyyətini vurğulayaraq təbrik məktubunda yazırdı: “Uzun illərin həsrətindən sonra övlad tapan ata hissi keçirirəm. Gərək yolunu həsrətlə gözlədiyimiz mətbuat tribunamız mədəniyyətimizin dünəninə, bu gününə və sabahına ayna tuta bilsin, bizi dünya mədəniyyətinin yenilikləri ilə tanış etsin... “Mədəniyyət”in hər nömrəsini səbirsizliklə gözləyirik!”.
Qəzetin ilk sayında Müslüm Maqomayev, Arif Məlikov, Fərhad Bədəlbəyli və başqa mədəniyyət xadimlərinin xoş arzuları da yer almışdı.
***
1991-ci ilin yanvarında hələ sovet dövrü bitməmişdi, qəzetin başlığı altında “Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı” yazılmış, yanında SSRİ mədəniyyət naziri Nikolay Qubenkonun təbrik teleqramı dərc olunmuşdu. Amma müstəqillik mehi əsirdi. SSRİ naziri ilə yanaşı, Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybəkin təbrik sözlərinin (həm də əl yazısı ilə) də yer alması bunun göstəricisi idi: “... Azərbaycan (ortaq) mədəniyyətimizin böyük qaynağıdır. Yeni doğan “Mədəniyyət”ə uzun və xeyirli həyat diləyirəm”.
“Mədəniyyət” bu diləklər işığında mətbu yoluna başladı. Ötən illərdə redaksiya heyəti, çap formatı, dövriliyi, dizaynı və s. dəyişsə də, respublikanın mədəni həyatını dolğun şəkildə işıqlandırmaq, oxuculara dünya mədəniyyəti ilə də bağlı maraqlı məlumatları çatdırmaq məramı dəyişmədi. Qərinədən artıq bu dövrdə “Mədəniyyət”in mətbuat tariximizdə layiqli yer tutduğunu söyləsəm, qeyri-təvazökarlıq kimi qəbul etməyin. Çünki həqiqət payı çoxdur. Bu qəzetin səhifələrində müstəqillik dövrü mədəniyyət tariximizin salnaməsi yazılıb. O salnamədə imzası olmaq həm məmnuniyyət, həm də məsuliyyətdir. Ötən illərdə bunu dərk edərək çalışdıq...
Sözün bu yerində “Mədəniyyət”in yaradıcısı və 2000-ci ilədək rəhbəri olmuş Şahmar Əkbərzadə başda olmaqla, ömür yolu bu qəzetdən keçən və dünyadan köçənləri, o cümlədən qəzetin səhifələrində qələmi ilə külüng çalmış ustad yazar Tahir Abbaslını, müxtəlif illərdə baş redaktor, redaktor olmuş Nemət Veysəllini, Canalı Mirzəliyevi, Tofiq Abdini minnətdarlıqla yad edirik. Qalanlara cansağlığı, uzun ömür diləyirik.
***
Qəzet informasiya daşıyıcısı olmaqla yanaşı, həm də informasiyanın, ümumilikdə tarixin arxivləşdiyi, saxlandığı çap məhsuludur. Elektron mənbələrin istifadə üçün daha əlçatan olması ilə yanaşı, qorunma baxımdan zəif tərəfi də hər kəsə bəllidir – günün birində o resurs elektron yaddaşdan silinə, itə bilər. Amma kağızda yazılan (çap edilən) qalır və qalacaq. Necə ki əsrlərdən günümüzə beləcə gəlib çıxıb. Bu baxımdan, Bulqakovun məşhur qəhrəmanının bir növ zərbi-məsələ çevrilən “Əlyazmaları yanmır” sözləri istehza kimi səslənsə də, əslində, dərin anlam ifadə edir.
Yazılan (dərc olunan) yazını oxuyarkən ona həm də toxuna bilirsənsə, fiziki olaraq onu hiss edirsənsə, demək, onda bir varlıq var. Virtual deyil, real varlıq.
Amma zaman, dövr dəyişir. İnformasiya məkanında elektron resursların çəkisinin sürətlə artması ilə paralel çap mediasının elektron alternativlərlə əvəz olunması prosesi də qaçılmaz görünür. Hərçənd buna qarşı adekvat davrananlar da var. Dünyanın bir çox yerində qəzetlər elektron platformaya keçidlə bərabər, çap variantını da saxlayırlar. Amma bu ayrı bir yazının mövzusudur.
İndi isə sözü uzatmağın yeri yoxdur, çünki bu yazıya ayrılan sütun dolmaq üzrədir.
1991-ci ilin əvvəlində 1-ci sayı çapdan çıxan “Mədəniyyət” 2024-cü ilin sonunda 2161-ci sayı ilə qarşınızdadır. 2025-ci ildən yola necə davam edəcəyik? Təəssüf ki, bu barədə qəti fikir ifadə edə bilmirik.
Amma hər sonda yeni başlanğıc da görmək olar... Hər halda dünyanın sonu deyil...
“Mədəniyyət”in 2008-ci ildən fəaliyyət göstərən saytı – medeniyyet.az ölkəmizdə bu sahə ilə bağlı ən zəngin elektron resursdur və bundan sonra onu böyütməyə çalışacağıq. Mədəniyyət Nazirliyinin təşəbbüsü və Milli Kitabxananın iştirakı ilə PDF formatda külliyyat halına salınan qəzetin çap arxivi də hər kəsin istifadəsi üçün açıq olacaq.
***
Keçmişdən günümüzə hər bir xalqın inkişafı mədəni tərəqqi ilə, intibahla ölçülüb. Əsrlərdən bizə qalan ən zəngin dəyər mədəni irsdir. Çox bəyəndiyim bir yapon xalq məsəlində deyildiyi kimi: “Dünyada hər şey unudulandan sonra yadda qalan varsa, o, mədəniyyətdir”.
“Mədəniyyət”in bütün oxucularına sayğılarla
Vüqar Əliyev
baş redaktor