Dünya turu


Şərqi Avropanın səfalı və füsunkar təbiəti, tarixi tikililəri və abidələri ilə məşhur olan bu ölkəsi dünya turistləri arasında ən populyar məkanlardan biridir. Ərazisinə görə (78 min kvadrat kilometr) Azərbaycandan balaca olan Çexiyaya ildə 7 milyona yaxın turist gəlir, ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 6 faizini turizm sektoru təşkil edir.

Çexiyada olmaq orta əsr Avropa memarlığı və tarixi ilə tanışlıq üçün gözəl imkan deməkdir. Ölkə tarixi abidələri və muzeyləri ilə beynəlxalq turizmdə xüsusi şöhrət qazanıb. Ərazisində yalnız qəsr və qalaların sayı iki minə çatır. Ölkənin bir çox bölgələrində qorunub saxlanılan qədim tikililər Çexiyanı sehrli istirahət məkanına çevirib. Gözəl tərtibatlı parkların əhatəsində olan bu abidələr əsrarəngiz təbii landşaftı zənginləşdirməklə tamamlayır. Bu gün Çexiya təbiət gözəllikləri həvəskarlarına istirahət və dinclik, ilin hər mövsümündə idmanla məşğul olmaq imkanı da təklif edir. Praqa, Çex Krumlovu, Kutna, Qora Telq kimi zəngin tarixə malik şəhərlər ölkəyə gələn qonaqlarda da böyük maraq doğurur. Çexiya Respublikasının paytaxtı Praqa isə əsl memarlıq salnaməsidir.

Turizmin qeyri-ənənəvi formaları

Qeyd edək ki, Çexiya ənənəvi turizm növləri ilə yanaşı, qeyri-ənənəvi növlərin inkişafına da diqqəti artırır. Bu mənada velosiped turizmi həvəskarlarını bu işə mümkün qədər çox cəlb etmək niyyətindədir. Veloyürüşlərin milli əlaqələndiricisi Yaroslav Martinek deyir ki, Çexiya 2020-ci ilə qədər ölkədəki bütün velosiped marşrutlarını vahid şəbəkədə birləşdirmək məqsədini qarşıya qoyub. İlk növbədə Çexiya ərazisindən keçən beynəlxalq Eurovelo traslarını birləşdirən uzaq marşrutları inkişaf etdirmək nəzərdə tutulur. 2020-ci ilə qədər Çexiyada uzaq məsafəli velosiped marşrutları şəbəkəsinin uzunluğu 5300 kilometrə çatdırılmalıdır. Velosiped turizminin inkişafı üzrə vahid layihə yaradılması təklif edilir. Çexiya hakimiyyət orqanlarının fikrincə, velosiped turizminin inkişaf etdiyi Avstriya, Almaniya, Fransa və Hollandiya kimi ölkələrlə yalnız bu yolla rəqabət aparmaq olar.

Müalicə turizmi

Çexiya kurortlarında müalicə və Çexiyada istirahət artıq bütün dünyada populyarlıq qazanıb. Karlovı Varı, Luqaçoviça, Podebrad və Çexiyanın başqa kurort şəhərləri ən müxtəlif xəstəliklərə kömək edən öz şəfaverici mineral bulaqları ilə məşhurdur. Sanatoriyalarda müalicə bütün dünyada tanınan və qəbul edilən klassik və unikal metodlarla aparılır. Əslində, Çexiyada belə istirahətin şöhrət qazanması Avropadakı mineral bulaqlara infoturların əsasını qoyub. Hazırda Çexiyanın sanatoriya-kurort komplekslərində müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üzrə istirahət turizmi çox yüksək səviyyədə qurulub. Bir sözlə, bu ölkədə istirahət sadəcə istirahət deyil, gözəllik və sağlamlıqla dolu dünyadır.
Çex kurortları mövsümü may ayının əvvəllərində açırlar. Ona görə də, turizm həvəskarları sevinc və zərifliklə dolu belə bir hadisənin iştirakçısı olmaq fürsətini əldən buraxmırlar. Zəngin ənənələrə və təcrübəyə malik olan çex kurortlarına getməklə siz istirahət dünyasının müsbət aurasından yararlana bilərsiniz. Qərbi Çexiya kurortlarında çoxlu isti bulaqlar var. Məşhur Karlovı Varı kurortu da burada yerləşir. O, çoxəsrlik tarixə malikdir. Bundan əlavə, Çexiyada 200 illik tarixə malik dağ kurortları da fəaliyyət göstərir.

Qədim torpaqda müasir şərabçılıq

Çexiya həm də şərabçılıq ölkəsidir. Bu ölkəyə gedən turist yaxşı şərab yerləri axtarmalı olmur, çünki ölkənin hər tərəfində ən yaxşı şərabları hazırlayırlar. Bu şərabçılıq turizminin inkişafına da mühüm zəmin yaradıb. Mikulov şəhərinin yaxınlığında bir yer də var ki, şərab turizmi həvəskarları buraya mütləq baş çəkirlər. Buradan Moraviyanın incisi - Palava şəhərinin gözəl görkəmli dağlıq massivi açılır. Bu məkanın tarixi XIII əsrə gedib çıxır. Deyilənlərə görə, buradan şərab imperatriçə Mariya Terezanın sarayına aparılırdı. 2003-cü ildən burada fəaliyyətə başlayan şərab istehsalı təsərrüfatı təbii ki, müasir elementləri də əlavə etməklə, bu ənənəni də davam etdirir. Bundan başqa, turistlər şərab zavodlarına gedə və orada bu içkinin hazırlanma qaydalarını öz gözləri ilə görə bilərlər. Bu məkana turizm axınını şərtləndirən digər amillər isə maraqlı memarlıq obyektləri, Palavanın ideal landşaftıdır.

Praqa - səma altında muzey

Çexiyanın paytaxtı Praqa qotik memarlığının sehrli gözəlliyinə bürünüb - səma altında muzeydir. Praqaya səfər - qədim məkanlarda romantik gəzinti, dadlı mətbəx və əla pivə deməkdir. Abidələrin böyük hissəsi qədimi görkəmini demək olar ki, olduğu kimi qoruyub saxlayıb.
Çexiyanın kurort şəhəri hesab edilən bu məkan artıq bir neçə əsrdir ki, qonaqları özünə cəlb edir. Ona görə də, şəhərdəki hotellərin əksəriyyəti çoxillik ənənəyə malikdir. Art-deko üslubunda tikilmiş “İmperial” hoteli 2014-cü ildə 100 illiyini qeyd edir. 1914-cü ildən fəaliyyət göstərən bu hotel iş və romantik görüşlər üçün ideal məkan olub. Burada məşhur yazıçı Frans Kafka və bəstəkar Leoş Yanaçek də yaşayıb. 2007-ci ildə geniş rekonstruksiya işləri aparılan hoteldə ilk növbədə ilkin memarlıq konsepsiyasına diqqət yetrilib. Bunun isə başlıca səbəblərindən biri o idi ki, kompleks Praqanın UNESCO-nun irs siyahısına daxil olan tarixi binasının bir hissəsidir.
Karlovı Varı da Çexiyanın ən gözəl turizm şəhərlərindən hesab olunur. Hələ XIX əsrdə şəhər özünün çiçəklənmə dövrünü yaşayıb. Kral ailəsindən başlayaraq iri sahibkarlara, məşhur rəssamlaradək bir çox ünlü insanlar bu kurortda dincəlib, müalicə olunublar. Şəhərdəki “Cafe Pup” hoteli isə özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu gün dəfələrlə ekranlardan seyr etdiyimiz bır sıra məşhur filmlər bu hoteldə çəkilib. Hər yay hotel Karlovı Varı beynəlxalq kinofestival ilə canlanır. Festivalın əsas qonaqlarını kino ulduzları təşkil edir ki, onlar da ən yaxşı nömrələrdə qalırlar.
Ümumiyyətlə, Çexiyada hər hotel və pansionat ixtiyarında olan sahəni nəfis və özünəməxsus tərtib etməyə çalışır. Bunları görərkən insan fantaziyasının və işgüzarlığının nəyə qadir olduğuna heyran olursan. Çexlər işgüzarlığın dadına çoxdan bələd olub və beynəlxalq turizmdən gəlir götürməyi öyrəniblər. Ona görə də buraya qonşu Almaniya və Polşadan uzaq Avstraliyayadək bir çox yerlərdən çoxlu turist gəlir.

Mehparə