Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Almaniyanın biznes turizmi təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib.

Azərbaycan Konqreslər Bürosu və Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin dəstəyi ilə 3-7 sentyabr tarixində ölkəmizdə tanışlıq səfərində olan heyətdə Almaniyanın aparıcı MİCE (biznes turizmi) bazarı iştirakçıları və Avropanın səyahət və turizm üzrə ixtisaslaşan “ICJ magazine” və “CIM” nəşrlərinin nümayəndələri yer alıb.
Qonaqlara Azərbaycanın adət-ənənələri və ölkəmizdə biznes turizminin inkişafı üçün yaradılan şərait haqqında məlumat verilib. Nümayəndə heyəti Konqreslər Bürosunun "Açıq qapılar" tədbirində iştirak edib. Alman mütəxəssislər Azərbaycanda biznes turizmi sahəsinin inkişaf potensialı üzrə görüş və təkliflərini paylaşıb. Daha sonra almaniyalı heyət UNESCO-nun dünya irs siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, orta əsr Şərq memarlığının şah əsəri sayılan Şirvanşahlar Sarayı Kompleksi və digər tarixi abidələrlə tanış olublar. Qonaqlar xüsusi olaraq hazırlanmış interaktiv oyunla İçərişəhəri daha yaxından öyrənmək imkanı əldə ediblər. Həmçinin karvansarayda milli mətbəximizin ləziz təamlarını dadıb və yerli musiqiçilərimizin ifasını dinləyiblər. Almaniyalı qonaqlar UNESCO-nun siyahısına daxil edilən "Qobustan" Milli Tarixi-Bədii Qoruğunu və "Qala" Tarix-Etnoqrafiya Qoruğunu da ziyarət ediblər. Azərbaycanın təbiət möcüzələrindən olan palçıq vulkanları ilə tanışlıq da böyük maraq doğurub.
Büro almaniyalı nümayəndə heyəti arasında kiçik sorğu da keçirib. İştirakçılardan Azərbaycanda maraq doğuran əsas sahələri qeyd etmək, bu və ya digər sahənin inkişafı üçün təkliflərini bildirmək xahiş edilib. Səfər iştirakçıları ölkənin sürətli inkişafının turizmə müsbət təsirini qeyd edib, ölkədə yaradılan infrastrukturu, tarixi-mədəni abidə və obyektləri yüksək dəyərləndirib, eləcə də ölkədə fəaliyyət göstərən hotellərdən məmnunluqlarını ifadə ediblər.
Xatırladaq ki, Konqreslər Bürosu daha öncə də Rusiyanın MİCE bazarı iştirakçıları üçün tanışlıq səfəri təşkil etmişdi. Bu cür səfərlərin təşkili ölkəmizin xarici sərmayəçilərə və MİCE bazarı iştirakçılarına tanıdılmasında böyük rol oynayır.