ABŞ-nin Los-Anceles şəhəri (Kaliforniya ştatı) ətrafındakı meşələrdə yanvarın 7-də başlanan güclü yanğınlar 2 mindən çox tikilini külə döndərib. Yanğınlarda azı 5 nəfər ölüb, 150 mindən çox insan fəlakət zonasından təxliyə edilib.
Məlumatlara görə, yangınlar Los-Ancelesin altı rayonunu əhatə edib, onların arasında bir çox zənginlərin, o cümlədən incəsənət və şou-biznes ulduzlarının mülklərinin olduğu Pasifik Paliseyds rayonu da var.
Yerli yanğınsöndürmə idarəsi resursların çatmadığını, əldə olan imkanların yalnız ik böyük yanğınla mübarizə üçün kifayət etdiyini bildirib. Vaşinqton, Nevada və Oreqondan kömək üçün fəlakət zonasına yanğınsöndürən və təcili yardım heyətləri göndərilib.
Yanğın ABŞ və dünya kino sənayesinin ən böyük mərkəzi olan Hollivud rayonuna da yaxınlaşıb. Hollivuddakı "Studio City"nin alovlarla əhatə olunduğu, bir sıra tikililərin yandığı bildirilir.
Hollivud aktyorları Entoni Hopkins, Adam Brodi, Anna Feris kimi məşhurların evləri yanıb. Maylz Teller, Billi Kristal, Con Qudmen də evləri yanan aktyorlar arasındadır.
Billi Kristal və həyat yoldaşı Cenis Kristal 45 ildir yaşadıqları evlərini itirdiklərini deyib: “Əlbəttə ki, qəlbimiz qırılıb, amma biz uşaqlarımızın və dostlarımızın sevgisi ilə bunun öhdəsindən gələcəyik”.
Mendi Mur, Peris Hilton kimi ünlülərin, eləcə də Los-Ancelesdə yaşayan Anjelika Varum və başqa rusiyalı şou-biznes nümayəndələrinin də mülklərinin yandığı xəbər verilir.
Milyonlarla dollarlıq evlərin məhəllələri ilə əhatə olunmuş, məşhur gəzinti sahəsi olan Temeskal kanyonu da yanıb.
ABŞ Prezidenti Co Bayden yanvarın 9-dək ümumilikdə 60 kvadrat kilometrdən çox ərazini əhatə edən yanğınlarla əlaqədar Kaliforniya ştatında fəlakət rejimi elan edib.