Sentyabrın 23-də Fransanın paytaxtı Parisdə “Top Resa-2014” beynəlxalq turizm sərgisi işə başlayıb. Sentyabrın 26-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. Heyətə nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov, Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva daxildir. Sərgidə “Geo travel”, “Gilan Tourism”, “Regea travel”, “Proxy travel” və “SW travel” şirkətləri də təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanları 50 kvadratmetr sahədə nümayiş olunur. Stendimiz ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, “Top Resa” turizm sərgisində iştirak edir. Ötən il tədbirdə 164 ölkədən 1200-ə yaxın şirkət təmsil olunmuşdu.