Əcnəbi vətəndaşların Gürcüstan ərazisində qalma şərtlərinə edilmiş son dəyişikliklər bu ölkəyə qısamüddətli səfər edən Azərbaycan vətəndaşlarına şamil edilməyəcək. Gürcüstanın Bakıdakı səfirliyindən bildiriblər ki, Azərbaycan vətəndaşları bu ölkəyə səfər etmək üçün yenə də 90 günlük vizasız rejimdən istifadə edəcəklər.
Gürcüstan sentyabrın 1-dən vizanın beş kateqoriyasını tətbiq edərək viza rejimini sərtləşdirmək qərarına gəlib. Həmin kateqoriyadan olan vizaları əldə etmək üçün digər dövlətlərin vətəndaşları yaşayış yeri üzrə Gürcüstan konsulluğuna müraciət etməli olacaqlar. Miqrasiya kateqoriyasına tələbə, əmək, diplomatik viza, sahibkarlıq fəaliyyəti göstərmək üçün viza, həmçinin ailənin birləşdirilməsi məqsədilə viza aiddir. Sərhəddə vizanı yalnız istisna hallarda əldə etmək mümkün olacaq. Eyni zamanda yeni qanuna müvafiq olaraq, yaşayış üçün icazənin verilməsi təcrübəsi işə düşəcək. Viza rejiminin şamil edildiyi ölkə vətəndaşları üçün Gürcüstan 180 günlük (göstərilən müddətdə 90 gün ərzində qalma haqqı ilə) təkrar vizalar verəcək.

Fəxriyyə Abdullayeva