Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə şəhər turları sahəsində dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" şirkəti artıq paytaxtımızda fəaliyyət göstərir. Bu günlərdə "City Sightseeing Baku" şirkəti Azərbaycanda daha bir ilkə imza atıb.
26 sentyabr tarixində "Hilton Baku" hotelində Dünya Turizm Gününə həsr olunmuş tədbirdə "City Sightseeing Baku" şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləyə əsasən ölkəmizdə ilk dəfə "Kombo" biletlərin (birgə vahid bilet) satışı həyata keçiriləcək. İstənilən şəxs həmin bileti əldə etdikdə həm təşkil edilən avtobus turlarında iştirak edə, həm də Xalça Muzeyini ziyarət edə biləcək. Bunun üçün hər iki müəssisə arasında razılıq əldə olunub və biletin qiymətlərinə müəyyən endirimlər edilib.
Oktyabrın 24-də Xalça Muzeyində "Kombo" biletlərin ictimaiyyətə təqdimatı keçiriləcək.