Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin əmək, turizm və tarixi əsərlər naziri Nidal Murdi Abdullah Katamin ilə görüşüb. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan iordaniyalı nazir qeyd edib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması turizm sahəsində əməkdaşlığın da inkişafına zəmin yaradır.
Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirən səfir ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Diplomat son illər turizm sahəsində mühüm islahatların aparıldığını, viza verilməsi prosesinin təkmilləşdirildiyini, paytaxtda və regionlarda müasir hotellərin və turizm obyektlərinin yaradıldığını bildirib.
Səfir 2015-ci ildə Bakıda keçiriləcək XIV Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində (AİTF) iştiraka dair dəvət məktubunu nazirə təqdim edib.
Fəxriyyə Abdullayeva