Heydər Əliyev Fondunun layihə rəhbəri Kərəm Qafarlı və fransalı şərabçılıq üzrə ekspert-texnoloq Jeannot Montaneti Azərbaycan Turizm İnstitutunun qonağı olub. Rektor Cəfər Cəfərovla görüşən qonaq söhbət əsnasında Şamaxı rayonunda yaradılacaq yeni şərabçılıq kompleksi barədə məlumat verərək bu layihənin turizmlə əlaqələndirilməsinin həm elmi, həm də təsərrüfat baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Kompleksin hazırlanmasında Fransa və İtaliya təcrübəsindən istifadə edildiyi vurğulanıb. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə çalışacaq kadrların hazırlığı, turizm xidmətləri üzrə tədqiqatların aparılması və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.
Cəfər Cəfərov qonaqların nəzərinə çatdırıb ki, təklif edilən layihə turizm sahəsinin çeşidləndirilməsi baxımından uğurludur. Azərbaycandan «Şərab yolları» və «Aleksandr Düma» beynəlxalq mədəni turizm marşrutlarının keçdiyini deyən rektor əlavə edib ki, yeni layihə bu marşrutlarla əlaqələndirilərsə, daha da təkmilləşər. Görüşün sonunda Azərbaycan Turizm İnstitutu tərəfindən irəli sürülən təkliflərin diqqətə alınacağı bildirilib.

Fəxriyyə Abdullayeva