Azərbaycan Konqreslər Bürosu ali təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirir

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə iclas keçirib.

Dekabrın 8-də Azərbaycan Turizm İnstitutunda təşkil olunan iclasda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.
İclasda ali təhsil ocaqları ilə əməkdaşlığın qurulması, peşəkar Azərbaycan Görüşlər İttifaqının yaradılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, beynəlxalq konqreslərin təşkili turizmin ən gəlirli və dinamik inkişaf edən sahələrindən biridir. Hər il dünyada təxminən 16 minə yaxın konqres təşkil olunur və yüzlərlə şəhər işgüzar turizmin bu gəlirli sahəsində öncüllük əldə etmək üçün güclü rəqabət aparır. Tədbirdə bir fikir xüsusi vurğulanıb ki, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili ölkə iqtisadiyyatına güclü təkan ola bilər və bu istiqamətdə səyləri birləşdirməklə Azərbaycanı dünyada daha da tanıtmaq lazımdır.
Qeyd edək ki, 2013-cü ildə yaradılan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə də məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək, ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək və konfrans təşkili sahəsini inkişaf etdirmək daxildir. Büro bu məqsədlə dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlara qatılır.
Azərbaycan Konqreslər Bürosu ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətməyi və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini qarşıya məqsəd qoyub.
Tədbir iştirakçıları ölkəmizin təhsil sisteminin nümayəndələri ilə Azərbaycan Konqreslər Bürosu mütəxəssislərinin qarşılıqlı əməkdaşlığının bu hədəflərə çatmaq yolunda effektiv rol oynayacağını vurğulayıblar.

Fəxriyyə Abdullayeva