Dekabrın 5-də «Hilton Baku» hotelində Sloveniyanın Turizm Agentliyinin təşkilatçılığı və «TMI Consultancy» şirkətinin dəstəyi ilə bu ölkənin daha bir təqdimatı olub. Tədbirə Sloveniyanın 20-dən çox hotel, sağlamlıq, dağ-xizək turizmi, kurort mərkəzlərinin nümayəndələri qatılıb. Mərasimdə əvvəlcə Sloveniya haqqında məlumat verilib. Bildirilib ki, 20 min kvadrat kilometr ərazisi, 2 milyon əhalisi olan bu ölkə Mərkəzi Avropanın kurortlar məkanı sayılır.
Tədbirdə çıxış edən Sloveniya Turizm Agentliyinin nümayəndəsi Saşa Verovşeç Musiç ölkəsinin turizm imkanları barədə danışıb: «Bizim Adriatik dənizimiz də var, Alp dağlarımız da. Sloveniyaya gəlib çimərliklərimizdən istifadə edən turistləri eyni zamanda dağ gəzintiləri gözləyir. Sloveniya həmçinin mineral su mənbələrinin ətrafında inşa edilmiş məşhur sağlamlıq mərkəzləri ilə tanınır».
«Renee» Ticarət və Turizm Cəmiyyətinin direktor müavini Aleşa Ştrum bildirib ki, Sloveniya son illər azərbaycanlı turistlər arasında populyarlıq qazanıb: «Beş il Bakıda Sloveniyanın məşhur müalicəvi suyu olan «Donat Mg»in satışı başlandı. Bundan sonra azərbaycanlıların Avropada balneoloji kurort mərkəzlərinə görə tanınan Roqaşka Slotina şəhərinə marağı artdı».
Təqdimatda qeyd edilib ki, Azərbaycan da artıq sloveniyalı turistlər üçün önəm daşımağa başlayıb. Saşa Verovşeç Musiç bu mövzuda danışarkən qeyd edib ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanın nəinki Sloveniyada, eyni zamanda bütövlükdə qitədə daha geniş tanınmasına səbəb olacaq.
Tədbirdə Azərbaycan və Sloveniya turizm təmsilçilərinin işgüzar görüşləri keçirilib.
Fəxriyyə Abdullayeva