2014-cü il ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sektorunda da müxtəlif yeniliklərlə, layihələrlə zəngin bir il oldu.
Azərbaycan turizmi beynəlxalq aləmdə
Bu il Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi İstanbul, Berlin, Moskva, Kiyev, Dubay, Almatı, Paris, London və s. şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edib. Sərgilərdə ziyarətçilərə Azərbaycan turizmi ilə bağlı müxtəlif dillərdə reklam-çap məhsulları paylanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrda Parisdə «Azərbaycan şəhərciyi» adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Tədbirlərdə nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin və turizminin təbliği də həyata keçirilib. Eyni zamanda ölkəmizin turizm imkanlarına dair reklam çarxları «Euronews», «TV5 Monde», «Rossiya 2», «Moya planeta» telekanallarında nümayiş olunub.
Beynəlxalq qurumlarla turizm sahəsində əməkdaşlıq davam etdirilib. Ölkəmizin turizm potensialının Rusiya bazarında təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi bu ölkədə turizm nümayəndəliyi açıb.
Apreldə Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2014) keçirilib. Builki sərgiyə 38 ölkədən 351 şirkət və təşkilat qatılıb, eyni zamanda Azərbaycanın 22 şəhər və rayonunun stendi yer alıb. Sərgi günlərində paytaxtımızda BMT-nin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası və «Səmərəli turizm klasterlərinin inkişafı» üzrə seminar keçirilib.
Turizmə dair bir sıra sənədlər hazırlanıb
Bu il turizmə dair bir sıra mühüm sənədlərin hazırlanması ilə də yadda qalıb. «Bələdçilərin fəaliyyətinin təkmilləşdirilməsinə dair 2014-2015-ci illər üçün tədbirlər planı», «Azərbaycanda 2014-2024-cü illər üçün turizm strategiyası» hazırlanıb.
Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz turist səfərlərinin təşkili ilə bağlıdır. 2-4 oktyabr tarixində Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclasında Azərbaycan tərəfindən hazırlanmış «Münaqişə zonalarının təbliğinin və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması» adlı qətnamə müzakirə edilib. Məsələyə qurumun növbəti iclasında baxılacaq.
Tvinninq layihəsi çərçivəsində Azərbaycanda turizm statistikasının mövcud vəziyyəti haqqında hesabata əsasən daxili turizm sahəsində müvafiq təhlillər aparılıb. Daxili turizm haqqında statistik məlumatların yığılması və daxili turizm perspektivinin araşdırılması məqsədilə 6 mərhələdən ibarət olacaq «Yerli turistlərin ölkə daxili səyahət tendensiyasının öyrənilməsi» mövzusunda bazar araşdırmasının ilk mərhələsi başlanıb.
Yerli vətəndaşların xarici ölkələrə səfər tendensiyalarının araşdırılması məqsədilə «ERA Research» marketinq şirkəti tərəfindən «Xarici turizmdən istifadə səbəblərinin öyrənilməsi» sorğusu keçirilib. Turizm sənayesi ilə işin təkmilləşdirilməsi, turizm sahəsində mövcud olan problemlərin müzakirə olunması və aradan qaldırılması məqsədilə dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə beş işçi qrupu yaradılıb. Qeyd olunan qruplar «Gəlmə turizmi və elektron viza», «Getmə turizmi», «Turizm təhsili», «Bələdçilər» və «Müalicəvi turizm» mövzuları üzrə fəaliyyət göstərəcəklər.
62 turizm şirkəti, 74 mehmanxana lisenziya alıb
2014-cü ilin yanvar-noyabr ayları ərzində 62 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 74 hüquqi və fiziki şəxsə isə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda Azərbaycanda 272 turizm şirkəti, 306 mehmanxana Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Bundan başqa, «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»na əsasən, 2014-cü il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib və beləliklə, dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.
2013-cü ilin martından tətbiqinə başlanılan elektron turist viza sistemi bu il də tətbiq olunub. Bu günə qədər ölkəmizdə gəlmə turizmlə məşğul olan 55 turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akkreditasiyadan keçirilərək bu sistemə qoşulub.
Başa çatan ilin turizm sahəsində ən mühüm yeniliklərindən biri Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə ölkə Prezidentinin dekabrın 22-də imzaladığı sərəncam oldu. Qeyd edək ki, hazırda ali təhsil ocağında 3 fakültə, 10 kafedra, 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər, magistraturada 146, doktoranturada 55, ikinci ali təhsildə 27, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird biliklərə yiyələnir. 2015-ci il Azərbaycanda turizm təhsili üçün yeni inkişaf mərhələsi olacaq.
Fəxriyyə Abdullayeva