“Avropa Oyunları zamanı Azərbaycana 15-20 min turist gələcək”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev day.az saytına müsahibə verib. Nazir müsahibədə Azərbaycanın turizm sektorunda mövcud olan problemlər və onların həlli yolları, kadr hazırlığı, turizm statistikasının qaydaları, elektron vizanın üstünlükləri və s. barədə ətraflı danışıb.
Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyonu ötəcək
Nazir bildirib ki, kadr çatışmazlığı Azərbaycan turizminin əsas problemlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər görülür. Ötən ilin sonunda Azərbaycanda turizm sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəb olan Turizm İnstitutunun bazasında ölkə Prezidentinin sərəncamı ilə Turizm və Menecment Universiteti yaradıldı: «Universitet daha geniş təhsil verən ali təhsil müəssisəsidir. Onun işi yalnız turizm sahəsi ilə bağlı kadr hazırlamaqdan ibarət olmayacaq. Turizm yeni universitetin aparıcı qolu olacaq, eyni zamanda idarəetmənin başqa sahələrinə də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr düşür. Turizmin inkişafı və kadr hazırlığı təkcə qonaqpərvərlik biznesi və turizm xidmətləri ilə məhdudlaşmır. Turizm geniş anlayışdır. Bu sahə xidmətin bütün sahələri ilə əlaqədardır və bizim də əsas məqsədimiz Azərbaycanda turizmlə bağlı bütün xidmət sahələrinin inkişafına nail olmaqdır».
Turizm statistikasının hazırlanmasından danışan Əbülfəs Qarayev bildirib ki, Dünya Turizm Təşkilatı ekspertlərinin qənaətinə görə, sərhədi keçib ölkəyə daxil olan xarici ölkə vətəndaşlarının hər biri turist hesab olunur. Çünki o, qaldığı yer, yemək və s. üçün pul xərcləyir. Nazirin sözlərinə görə, son illər ərzində Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb: «2001-ci ildə ölkəmizə gələn turistlərin sayı cəmi 420 min nəfər idi. 2005-2006-cı illərdə bu göstərici böyük sürətlə artdı və turistlərin sayında 40 faiz artım müşahidə olundu. Azərbaycan son illər böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu üzdən ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı da artır. Ötən il Azərbaycana gələn turistlərin sayı 2,5 milyon nəfərə yaxın olub. Əminəm ki, bu il bu say 3 milyonu ötəcək».
3 ulduzlu hotellərin və hostellərin sayının artırılmasına ehtiyac var
Nazir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2014-cü ildə Rusiya, Türkiyə, İran və Gürcüstandan ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunsa da, əvəzində Qərbi Avropa, Asiya ölkələrindən və Amerikadan daha çox gələnlər olub. Rusiyada baş verən iqtisadi böhran səbəbindən, İranda və digər ölkələrdə də öz daxili problemlərinə görə ümumilikdə xaricə turist səfərləri azalıb: “Yəni bizdən asılı olmayan səbəblərdən bu ölkələrdən gələnlərin sayında azalma olub».
Azərbaycanda ildə 25-30 hotelin istifadəyə verildiyini deyən Əbülfəs Qarayev yerləşdirmə yeri problemi olmadığını bildirib. Bununla bərabər, nazirin fikrincə, ölkədə 3 ulduzlu hotellərin və hostellərin sayının artırılmasına ehtiyac var: «Bəzi sahibkarlar belə düşünürlər ki, hotel üçün qoyduqları vəsaiti tezliklə çıxara bilərlər. O baxımdan da 4 və 5 ulduzlu hotellər tikməyə üstünlük verirlər. Amma gələn turistlərin imkanlarını heç kim bilə bilməz. Hazırda Azərbaycanda cəmi 2 hostel var. Amma gələcəkdə ölkəmizdə müxtəlif sahələrlə bağlı tədbirlərin sayını artırdıqca hostellərin də sayı artacaq. Bu gün Azərbaycan dünyada inkişaf edən, zəngin ölkə kimi tanınır. Buna görə də xarici turistlər bizdə istirahətin baha başa gələcəyini düşünürlər. Əslində isə az büdcəsi olan turistlər üçün bizdə istirahət elə də baha deyil. Onu da deyim ki, biz artıq bu istiqamətdə təbliğatımızı qurmuşuq, Azərbaycanın turizm baxımından bahalı olmadığını təbliğ edirik».
Ərəb turistləri ölkəmizə cəlb etmək üçün təbliğat gücləndirilib
Nazir bu il keçiriləcək Avropa Oyunları ilə bağlı ölkəmizə 15-20 min nəfər turistin gələcəyini proqnozlaşdırdığını da deyib. Qeyd edib ki, Rusiya və MDB ölkələri hər zaman turist cəlb etmək üçün mühüm bazar kimi Azərbaycan turizm sənayesi nümayəndələrinin diqqətində olub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ölkələrdə Azərbaycan turizminin təbliğatı həyata keçirilir. Ötən il hətta Moskvada nazirliyin nümayəndəliyi fəaliyyətə başlayıb.
Bununla yanaşı, nazir ərəb ölkələrindən turistləri Azərbaycana cəlb etməyin vacibliyindən bəhs edib: «Onlar turizm məqsədilə böyük pullar xərcləyirlər. Ərəb turistlər Azərbaycan haqqında, ölkəmizin turizm imkanları barədə məlumatları olmadığından Malayziya kimi ölkələrə üz tuturlar. Biz onların bu düşüncələrini dəyişməyə başlamışıq. Hazırda Dubayda bütün ərəb ölkələrini əhatə edən təmsilçiliyimiz var. Biz bütün turizm sərgilərində iştirak edirik. Düşünürəm ki, bu istiqamətdə düzgün fəaliyyət qurmuşuq. Əsas odur ki, Azərbaycanın turizm şirkətləri artıq turistlərə elektron viza verilməsində iştirak edirlər. Azərbaycana gəlmək istəyən xarici turist evindən internet vasitəsilə müraciət edərək viza ala bilir. Bu işlə 50-yə yaxın turizm şirkəti məşğul olur. Gələcəkdə vizanın alınması müddətini 5 gündən 3 günə endirməyi planlaşdırırıq».
Nazir Azərbaycanda turizmin mövsümiliyinin aradan qaldırılması istiqamətində də işlər görüldüyünü diqqətə çatdırıb. Bu baxımdan «Şahdağ» Turizm Kompleksinin fəaliyyətinə toxunan Əbülfəs Qarayev bildirib ki, burada turistlərə qış mövsümündə istirahət üçün hər cür şərait yaradılıb.
Fəxriyyə Abdullayeva