Yaponiyaya 2014-cü ildə səfər etmiş əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə üçdəbir qədər artıb. Yaponiya Milli Turizm Agentliyinin ilkin məlumatlarına əsasən, ötən il “Gündoğar ölkə”yə 13 milyon 400 min əcnəbi gəlib ki, bu da 2013-cü illə müqayisədə 29 faiz çoxdur.
Bu göstəricinin artması səbəbi kimi Cənub-Şərqi Asiyanın bir sıra ölkələri üçün viza rejiminin sadələşdirilməsi, yapon milli valyutasının məzənnəsinin aşağı düşməsi, həmçinin vergi tutulmayan əmtəələrin siyahısının genişləndirilməsi və Tokioda yerləşən Haneda aeroportunda beynəlxalq reyslərin sayının artırılması göstərilir.
Agentliyin nümayəndələri bildiriblər ki, əgər yenin məzənnəsi indiki səviyyədə qalarsa, cari ildə Yaponiyaya gələn əcnəbi turistlərin sayı 15 milyonu ötə bilər.