Fevralın 21-də Bakıda 2-ci «Mövsüm Səyahət Yarmarkası» keçiriləcək. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «28 Mall» ticarət mərkəzində gerçəkləşəcək yarmarkada 25-dən çox turizm şirkəti və mehmanxananın nümayəndələri öz məhsullarını təqdim edəcəklər.
Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, 2-ci «Mövsüm Səyahət Yarmarkası» daxili turizmin dəstəklənməsi və təbliği məqsədi daşıyan növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir. Yarmarkada ölkə daxilində Novruz turları, hotellərdə, istirahət mərkəzlərində bayram proqramları və turpaketlər barədə məlumat veriləcək.
Nazirlik rəsmisi qeyd etdi ki, belə tədbirlər yerli turizm bazarının inkişafına təkan verir: «İlk yarmarkada 5 minə yaxın ziyarətçi olmuşdu. Bu da insanların yerli məkanlarımıza marağının göstəricisidir. Bu il də Novruz bayramı münasibətilə turizm şirkətləri çoxsaylı ölkədaxili turlar təşkil ediblər. İstəyirik ki, insanlar bayram tətili günlərində öz büdcələrinə uyğun istirahət məkanları haqqında əvvəlcədən məlumat alsınlar və bu turlardan yararlana bilsinlər».
Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, mövsüm səyahət yarmarkalarının davamlı olaraq ildə üç dəfə - Yeni il, Novruz bayramı və yay fəsli öncəsi təşkili nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva