![](/img/news/700x420/16262.jpg)
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Dövlət başçısı və xanımı “Park Chalet Shahdag” hotelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
“Şahdağ” kompleksi dünyadakı bu tipli turizm mərkəzlərindən universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ildə qoyulub, 2012-ci ilin dekabrında Azərbaycan Prezidentinin iştirakı ilə birinci mərhələnin açılışı keçirilib.
“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən kompleksin ərazisi 2058 hektardır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Əzəmətli dağlarla əhatə olunan “Park Chalet Shahdag” hotelində 164 eleqant qonaq otağı var. Hotelin baş meneceri Stüart De San Nikolas məlumat verib ki, bu, yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci hotelidir. İlk hotel olan “Pik Palace Şahdağ” 2013-cü ilin dekabrında istifadəyə verilib. “Park Chalet” hotelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli hotellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” hoteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks hotel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. Bu qrupa namizəd hotellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilir.
![](/img/news/350x300/16263.jpg)
Hotellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.
Dövlət başçısına məlumat verilib ki, hoteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və əksəriyyətini yerli kadrlar təşkil edir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər.
Bildirilib ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ-xizək enişi inşa olunub. Sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb.
Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb. Prezident və xanımı kanat yolunu sınaqdan keçiriblər.
Qeyd edək ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır və bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir.
Beləliklə, “Şahdağ” qış-yay turizm kurortu qonaqlara il boyu idman və əyləncə növləri təklif edir. Burada hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcək. Böyük qolf sahəsinin, aqvaparkların tikilməsi də planlaşdırılıb.