Rusiyanın "RİA Novosti" xəbər agentliyi, "Voyage" turizm jurnalı, "alexcheban.livejournal.com" saytı, "İnterfaks" informasiya agentliyi, "bigpicture.ru" saytı və "Kommersant" nəşriyyat evinin nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzini ziyarət edib və Azərbaycanın dağ-xizək turizm imkanları ilə yaxından tanış olublar.
Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevin nümayəndə heyəti ilə görüşü olub. Azərbaycanın turizm infrastrukturu və potensialı, regionların turizm imkanları, mədəniyyət və turizm sahəsi üzrə statistik göstəricilər, xarici ölkələrdən Azərbaycana turist axını, ölkəmizdə keçirilən festival və beynəlxalq tədbirlər, inkişaf etmiş turizm növləri və elektron viza tətbiqi barədə suallar cavablandırılıb.
Media nümayəndələri "Avropa Oyunları 2015"-ə hazırlıqla da maraqlanıblar. Onların diqqətinə çatdırılıb ki, bu istiqamətdə işlərin həyata keçirilməsi üçün xüsusi Təşkilat Komitəsi yaradılıb və bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi də bir sıra işlər həyata keçirir.