Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev iki ölkənin biznes təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan Diplomatik Akademiyasında təhsil alan monteneqrolu tələbələr də iştirak edib.
Qarşılıqlı əlaqələrdən danışan Vüqar Əliyev bildirib ki, Monteneqro hökuməti Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən də turizm sahəsində əməkdaşlıqda çox maraqlıdır. Fəxri konsul bildirib ki, Bakı-Podqoritsa çarter reysləri bu yay mövsümündə də reallaşdırılacaq.
«Montenegro Development» şirkətinin təmsilçisi Xamza Djençiç hökumətin ölkədə turizm layihələrinin reallaşmasına çox böyük önəm verdiyini diqqətə çatdırıb. O, həyata keçirilən böyük layihələr barədə də danışıb.
«Millennium Tourism & Congress DMC» şirkətinin direktoru Ruslan Quliyev 2013-2014-cü illərdə rəhbərlik etdiyi şirkət vasitəsilə Monteneqrodan bir neçə turist qrupunun Azərbaycana səfər etdiyini, onların əsasən Bakını, habelə Şəki, Lerik bölgələrində olduqlarını və ölkəmizdən zəngin təəssüratlarla ayrıldıqlarını deyib.

Fəxriyyə Abdullayeva