Martın 4-də Almaniyanın paytaxtında "İTB Berlin 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Martın 8-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Sərgidə Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 turizm şirkəti (“SW travel”, “Millennium Tourism&Congress”, “İmprotex travel”, “ENC tours”, “Delta Group”, “Turizm.az”, “The Tour”, “Regea travel”, “Meridian travel”, “Al travel”, “Geo-travel”, “Atropatena travel”, “Gilan tourism”) və 3 mehmanxana (“Rigs hotel”, “Kempinski Hotel Badamdar”, “Qafqaz Hotels&Resorts”) iştirak edir. Heyətdə həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri yer alıb.
Sərgidə Azərbaycanın turizm imkanlarını təqdim edən 104 kvadratmetrlik stend hazırlanıb. Stendimiz qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Xarici qonaqlar və turistlər Azərbaycan stendini ziyarət edirlər. Martın 4-də sərgiyə baş çəkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan stendi ilə də tanış olub. Qonaq Azərbaycanın turizm potensialı ilə bağlı məlumatı maraqla dinləyib və sərginin işinə uğurlar arzulayıb.
Martın 5-də Azərbaycanın milli stendində "Happy hours" tədbiri keçirilib. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və media nümayəndəsinə ölkəmizin turizm potensialına dair təqdimat keçirilib, biznes (B2B) görüşləri təşkil olunub.
Bu arada Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 4 şəhərdə reklam kampaniyaları keçirilir. Fevral ayının 23-dən etibarən Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycanın turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Həmçinin 2 mart tarixindən başlayaraq Berlin şəhərində 47 reklam lövhəsində Azərbaycana dair reklam yerləşdirilib. Kampaniya 16 mart tarixinədək davam edəcək.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən hər il "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir.

Fəxriyyə Abdullayeva