Mədəniyyət və Turizm Nazirliyi iştirakçısı olduğu beynəlxalq turizm sərgilərində milli-mədəni irsimizə hər zaman diqqət ayırır. O cümlədən Novruz bayramı ərəfəsinə təsadüf edilən sərgilərdə milli dəyərlərimizin təcəssümü olan bu qədim bayramımızın tanıdılmasına, təbliğinə xüsusi yer verilir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, bu təbliğat nəticə etibarilə ölkəmizə daha çox turist cəlb edilməsinə zəmin yaradır: “Mədəniyyət və Turizm Nazirliyinin mart ayında üç beynəlxalq turizm sərgisində iştirakı bizə imkan verir ki, bu tədbirlərdə Azərbaycanın milli bayramı olan Novruzu yüksək səviyyədə təbliğ edək və əcnəbilərdə bu bayram haqqında dolğun fikir formalaşdıraq. Məsələn, hər il olduğu kimi, bu il də 4-8 mart tarixində Almaniyanın paytaxtı Berlində keçirilən «İTB-2015» sərgisində stendimizin ziyarətçilərinə Novruz şirniyyatları təqdim olunub, onlara bu bayramın mahiyyəti, atributları haqqında məlumat verilib. Ziyarətçilər milli rəqslərimizə tamaşa ediblər. Bu ay ölkəmizin iştirak etdiyi daha bir turizm tədbiri martın 17-də Moskvada keçirilən «Conde Nast Traveller» dəbdəbəli səyahət yarmarkasıdır. Azərbaycan bu il yarmarkanın rəsmi tərəfdaşıdır”.
Şöbə müdirinin sözlərinə görə, bu, sadəcə, Rusiya turizm bazarı üçün mühüm bir tədbir deyil, eyni zamanda Şərqi Avropa məkanında Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü olan yeganə sərgidir: “Yarmarkada ölkəmizin 35 turizm şirkəti və mehmanxanası təmsil olunub. Azərbaycanın 304 kvadratmetrlik geniş pavilyonunda milli musiqilərimiz səslənib, rəqslərimiz ifa olunub, turizm şirkətləri və mehmanxanaların nümayəndələri biznes görüşləri keçiriblər. Bu yarmarkada, eləcə də martın 18-də Moskvada başlayan “MİTT-2015” sərgisində Novruzla bağlı təbliğata xüsusi yer ayrılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən üç dildə Novruz haqqında kataloq nəşr olunub. Mart ayında iştirak etdiyimiz bütün sərgilərdə bu nəşrlər ziyarətçilərə paylanır. Onu qeyd edim ki, nazirliyin iştirak etdiyi sərgilərdə Novruzun atributları olan Kosa və Keçəlin iştirakı ilə səhnəciklər də nümayiş etdirilir”.
Şöbə müdiri onu da bildirdi ki, turizm şirkətlərimiz Novruzla bağlı həm Azərbaycanın regionlarına, həm də müxtəlif ölkələrə turlar təşkil edirlər. Novruz bayramı günlərində Azərbaycana xüsusilə qonşu ölkələrdən çoxlu turist səfər edir: “Bunları nəzərə alaraq, Novruzu xarici ölkələrdə keçirilən sərgilərdə təbliğ etmək böyük əhəmiyyət kəsb edir”.

Fəxriyyə